4143
Bu gün 12 sentyabr — 13:05

Mirqafar Seyidov Türkiyədə “Rövşən Lənkəranski” ilə görüşüb - (Video) (Yenilənib 15:16)

Dünən saat 23:48-də Türkiyənin aparıcı internet portalı olan haberturk.com saytında Azərbaycan DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, general Mirqafar Seyidovun “qanuni oğru” “Rövşən Lənkəranski” ilə görüşü barədə sensasion informasiya yerləşdirilib. Adıçəkilən saytın verdiyi xəbərə görə, bu görüş avqustun 17-də - digər azərbaycanlı kriminal avtoritet Əlibala Həmidovun (“Lotu Qoca”) qətlindən bir gün öncə baş tutub.

Lakin bu informasiya bir saatdan sonra türk saytının səhifəsindən tamamilə gözlənilməz və müəmmalı şəkildə yoxa çıxdı. Bundan əlavə, saytda general Mirqafar Seyidova bənzəyən adamın fotosu da yerləşdirildi. Türkiyənin “Cihan” agentliyinin xəbərinə görə, həmin adam guya “Rövşən Lənkəranski”nin qaldığı oteldə məskunlaşıbmış.

Bu gün bir saat əvvəl isə “Yeni Müsavat” qəzetinin saytında tələm-tələsik belə bir hökm səsləndi ki, haberturk.com saytında əslində belə bir informasiya yerləşdirilməyib, bu - yalandır; foto isə Mirqafar Seyidovun nüfuzuna zərbə vurmaq məqsədilə montaj olunub...

Əziz həmkarlarımızın ölkənin polis sisteminə sevgisini anlayırıq. Amma fakt axı üstündən sakitcə adlayıb keçiləsi şey də deyil.

Əvvəla, haberturk.com saytında yerləşdirilən skrin-şota diqqətlə baxın. Onu montaj etmək, saxtasını düzəltmək əsla mümkün deyil. Və Azərbaycanda da bunu bacaran mütəxəssislər yoxdur. Əgər kimsə M.Seyidovu doğrudan da pis vəziyyətdə qoymaq istəyirdisə və bu məqsədlə onun fotosunu montaj etmişdisə, polis generalını elə “Rövşən Lənkəranski”nin özü ilə bir yerdə montaj edərdi. Yalnız cənab Seyidovun özünün fotosunu niyə montaj və ya təqdim edirdi? Elə deyilmi?

İkincisi, bizim redaksiya artıq bilir ki, türk saytı ilə sövdələşmədə kimlər vasitəçi kimi çıxış edərək o saytda saat 23:48-də yerləşdirilmiş həmin informasiyanın dünən gecə oradan çıxarılmasına yardım edib. Lakin iş də ondadır ki, bunu edən adamlar aşağıda təqdim etdiyimiz keçidi ləğv etməyi unudublar. Mirqafar Seyidova oxşayan adamı müdafiə edən “Yeni Müsavat”ın təkzib etdiyi bütün söhbətlər haberturk.com saytının o xəbərində sözbəzös təkrar olunur.

“Rövşən Lənkəranski” ilə görüşmüş Qafaq adlı azərbaycanlı polisdən danışan videoya baxın (haqqin.az).

*   *   *

Bu xəbər yayılandan və virtualaz.org saytı onu Türkiyənin nüfuzlu haberturk.com saytına istinadən tirajlayandan qısa müddət (təxminən yarım saat) sonra ölkənin ən tirajlı müxalifət qəzeti olan “Yeni Müsavat”ın internet versiyasında -  musavat.com saytında “Gecə yarısı qəfil xəbər” adlı yazı yerləşdirildi.

Yazıda bildirilir ki, bu xəbər, yəni general Seyidovun “Rövşən Lənkəranski” ilə görüşməsi barədəki xəbər “ilanı Seydəhməd əli ilə tutmaq istəyənlərin” dezinformasiyasıdır. Türk saytının bu xəbərini Azərbaycan media məkanında ilk dəfə virtualaz.org və haqqin.az portalları yayıb.

Bununla əlaqədar sadəcə iki məqamı vurğulamaq istəyirik. Birincisi, çoxhörmətli generalla bağlı bu xəbər dəyərli həmkarlarımıza ola bilsin dezinformasiya kimi görünsün və onu yaymaq istəməsinlər. Bu da onların haqqıdır. Belə ki, istənilən nəşrin hər xəbəri yaymamaq kimi doğal hüququ var, ya da əksinə, onu yaymaq öhdəliyi yoxdur.

İkincisi, biz ilan yox, video tutmuşuq. Onu təqdim edirik...

http://tv.haberturk.com/gundem/video/hayalet-istanbulda-ortaya-cikti/98073

*   *   *

Türkiyə mətbuatı azərbaycanlı iş adamı Əli Həmidovun qətli ilə bağlı ilginc bir məqalə yayıb. Bu ölkənin KİV-ləri sözügedən cinayət işi ilə bağlı şok təfərrüatlar və faktlar əldə etdiyini deyir.

Xəbər verdiyimiz kimi, azərbaycanlı biznesmen Ə.Həmidovun öldürülməsində kriminal avtoritet “Rövşən Lənkəranski”nin (Rövşən Canıyev-red.) adı çəkilir. Hətta Əli Həmidovun son nəfəsində “Rövşən” dediyi də iddia olunur.

Virtualaz.org Türkiyə KİV-inə istinadən xəbər verir ki, Türkiyə polisindən bu hadisə ilə bağlı verilən məlumata görə, cinayət işi ilə əlaqədar geniş araşdırma işləri aparılır. Cinayət baş verən gün oteldə kimlərin olması videogörüntülərdə əks olunub.

Haberturk.com saytı “Rövşən Lənkəranski”nin Türkiyəyə Azərbaycan pasportu ilə daxil olduğunun və adının Rövşən Əliyev kimi qeyd edildiyinin isbat olunduğunu bildirir. Hətta “Rövşən Lənkəranski”nin qaldığı oteldə bir azərbaycanlı generalla görüşdüyü, ondan sui-qəsdlə bağlı təlimatlar aldığı və bu faktların da aparılan araşdırmalar nəticəsində sübuta yetirildiyi deyilir.

Saytın Türkiyənin təhlükəsizlik orqanlarından əldə etdiyi məlumata görə, həmin general Azərbaycan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (xalq arasında “bandotdel” kimi tanınır-red.) rəisi, polis general-mayoru Mirqafar Seyidovdur. Türk mediasının əldə etdiyi videoda M.Seyidovun görüntülərinin də açıq şəkildə göründüyü iddia olunur. Xəbərdə deyilir ki, cinayət hadisəsi baş verdikdən bir saat sonra Mirqafar Seyidov, “Rövşən Lənkəranski” və adamları oteli tərk edib. 

Virtualaz.org

Xəbərlər