4365
Bu gün 2 sentyabr — 12:08

Şahmar Ələkbərovun xanımı və əkiz qızları niyə xaricdə yaşayır?

Bu günlərdə Dövlət Film Fondunda tanınmış aktyor və kinorejissor, xalq artisti Şahmar Ələkbərovun 70 illik yubileyi qeyd edilib.

Modern.az saytının əməkdaşı mərhum aktyorun xanımının Bakıya gədiyini eşidib, onunla Ş.Ələkbərov barəsində söhbət etmək istəyib. Lakin Şahmar Ələkbərovanın bacısı bildirib ki, aktyorun həyat yoldaşı Kamilla Ələkbərova xaricə qayıdıb. 

Qeyd edək ki, Şahmar Ələkbərovun xanımı və evli olan əkiz qızları İzulət və Ləman Ələkbərovalar çoxdandır xaricdə yaşayırlar.

İzulət xanımın həyat yoldaşı Fuad İsgəndərov Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısıdır.

Şahmar Ələkbərov 23 avqust 1943-cü ildə Gəncədə anadan olub. Onun atası əslən Cəbrayıl rayonundan olan Zülfüqar kişi, anası kökü Tiflisə bağlı İzulət xanımdır. Şahmarın 9 yaşı olanda ailə Gəncədən Bakıya köçüb.

Şahmar Ələkbərov indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. Şahmar Ələkbərov universitetdə aktyor sənətindən dərs deyib. Bir müddət Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru olub, bir çox maraqlı obrazlar yaradıb.

Görkəmli aktyor kinoya 1967-ci ildən çəkilib, Bir çox filmlərdə irili-xırdalı rollar ifa edib. Kinoda ilk rolu “Dağlarda döyüş” filmindəki Fərrux obrazıdır. Bundan sonra gənc aktyor bir-birinin ardınca “Mən ki gözəl deyildim”, “İntizar”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Həyat bizi sınayır”, “Skripkanın sərgüzəşti”, “Qatır Məmməd”, “Arxadan vurulan zərbə” və digər filmlərdə yaddaqalan obrazlar yaradıb.

Şahmar Ələkbərov bacarıq və istedadını rejissorluq sahəsində də sınayıb. O, rejissor Gülbəniz Əzimzadə ilə birgə Anarın “Şəhərin yay günləri” pyesi əsasında “İmtahan” bədii televiziya filminə quruluş verib. Bundan sonra müstəqil olaraq “Sahilsiz gecə” bədii televiziya və “Qəzəlxan” bədii filmlərini çəkib. Şahmar Ələkbərov “Yük” bədii filminin ssenari müəllifidir. 

Görkəmli sənətkar Şahmar Ələkbərov 1992-ci ildə 49 yaşında xərçəng xəstəliyindən  vəfat edib.

Xəbərlər