4679
Bu gün 2 avqust — 19:02

Milli Şuranın üzvü erməni qadına heykəl qoydurubmuş

Nurəddin Mustafayevin Şəki və Naxçıvandan biabırçı şəkildə qovulması haqda... 

Hazırda müxalifətçi Milli Şuranın üzvü olan Nurəddin Mustafayevin keçmişi ilə bağlı şok məqamlar üzə çıxıb. Bu barədə haqqin.az saytında avqustun 1-də dərc olunan “Traybozavr” adlı məqalədə bildirilir.

Yazıda deyilir ki, bir vaxtlar yerlibazlıq prinsipləri üzərində qurulmuş “Ağrıdağ” cəmiyyətinin sədri olan Nurəddin Mustafayevin keçdiyi həyat yolu heç də hamar olmayıb. O, bir çox qalmaqallı və biabırçı hadisələrin mərkəzi fiquru kimi çıxış edib. Həmin yazının bəzi maraqlı hissələrini təqdim edirik:

*** 

“Nurəddin Mustafayev öz karyerasına sovet vaxtı Xalq Nəzarəti Komitəsində başlayıb. Sovet dövrünün adamları yaxşı bilir ki, OBXSS kimi bu qurum da ən çox korrupsiyalaşmış struktur idi. Mustafayev də oğurlamağı və rüşvət almağı həmin təşkilatda öyrənmişdi.

Şəki əhalisi bu adamın zülmü altında necə inlədiklərini bu günə qədər də yaxşı xatırlayır. Onlar 70-ci illərdə Şəki Rayon Partiya Komitəsinin I katibi olmuş Nurəddin Mustafayevin bu kasıb rayonu necə çapıb-taladığını hələ də unutmayıblar. “Nurəddin Mustafayev rüşvəti yalnız qızılla götürürdü. Nağd pullar onu qane etmirdi” - deyə şəkililər o vaxtlar Mərkəzi Komitə tərəfindən Şəkiyə rayonu abadlaşdırmaq və yenidən qurmaq üçün göndərilən, indi isə özünü demokrat sayan bu adamın əməllərini hələ də lənətlə xatırlayırlar.

Nurəddin Mustafayevin isə abadlıq və yenidənqurmaya “öz” baxışları, “öz” meyar və planları vardı. Bir kommunist kimi beynəlmiləlçiliyə və erməni-azərbaycanlı dostluğu ideyasına bağlı və sadiq olan Mustafayev erməni heykəltəraşlarını Şəkiyə dəvət etmişdi. O heykəltəraşlar isə bir qadın heykəli düzəltmişdilər. O zaman da hamı bilirdi ki, bu, bir erməni qadınının şərəfinə ucaldılmış abidədir və həmin heykəl Mustafayevin Karo adlı erməni dostunun anasının şərəfinə qoyulub. Karo Şəkidə avtomobil ehtiyat hissələri alverçisi olub. Nurəddin Mustafayevlə iş görmək istəyən şəxslər öncə Karonun yanına gedib onu “görməli” idilər. Karo Nurəddin Mustafayevin sağ əli idi. Mustafayevin yığdığı qızıllar da Karonun əlindən gəlib keçmişdi.

Amma güclü yumor hissinə malik baməzə şəkililərin heç biri I katibin bu axmaq heykəl zarafatını axıradək anlaya bilməmişdi. Xalq həqiqəti elə Karonun öz dilindən eşidincə ayağa qalxdı və erməni qadına qoyulmuş 8 metrlik abidəni darmadağın etdi. Sonra isə yaba ilə silahlanmış Şəki camaatı yoldaş Mustafayevə hücum çəkdilər. Milli Şuranın indiki “demokrat” üzvünü o zaman rayondan biabırçı qaçış xilas etdi...

Mustafayevin ayaqları onu həmişə xilas edib. Şəki rüsvayçılığı gənc kommunistə baha başa gələcəkdi. Heykəl məsələsi az qala erməni-azərbaycanlı davası yaradacaqdı. Lakin partiya gənc Mustafayevi bağışladı. Onu bu dəfə Naxçıvana göndərdilər. Yoldaş Mustafayev “Kiçik torpağa” vilayət komitəsinin I katibi vəzifəsinə getdi. Lakin Mustafayevin başı orada - Azərbaycanın qatı şiəliyin hökm sürdüyü, heç bir yaramaz hərəkəti bağışlamayan bu ənənəçi bölgəsində təkcə partiya işlərinə yox, həm də “eşq-məhəbbət işləri”nə qarışdı. I katibin qadınlara sataşması xəbəri xüsusi adət-ənənələri və sərt qaydaları olan Nehrəm camaatına gedib çatan kimi Mustafayevin işi yaş oldu. Onu Qriboyedovun taleyi gözləyirdi. Əgər ağsaqqallar və mötəbər şəxslər işə qarışmasaydı, Mustafayevin tikələri murdar ayaqyolu quyusundan tapılacaqdı.

Sovet vaxtı belə şey ola bilməzdi, amma oldu. Qəzəblənmiş camaat vilayət partiya komitəsinin binasına hücum edib şüşələri qırdı, binanı darmadağın elədi. Mustafayev Ordubad yolu ilə Naxçıvandan da qaçdı. Qəzəblənmiş nehrəmliləri yalnız Bakıdan - Mərkəzi Komitədən getmiş nümayəndə heyəti zorla sakitləşdirə bildi. Bununla da Mustafayevin ölkədəki hörməti tamamilə öldü. Onu ta imperiya dağılana qədər sanki qapalı bir qutuya salıb gizlətdilər...”

“Traybozavr” adlı məqalədə daha sonra N.Mustafayevin SSRİ dağılan illərə aid fəaliyyəti işıqlandırılır.  Yenidənqurma illərində Dövlət Taxıl Komitəsinin sədri olan N.Mustafayevin ölkənin bütün taxıl ehtiyatını bir neçə ayın içində satıb oğurlamasından söz açılır. Bildirilir ki, Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıfandan sonra N.Mustafayev yenidən vəzifə xülyasına düşüb, amma onun “hakimiyyət dəhlizlərinə əsas və arxa qapılardan soxulmaq cəhdləri uğursuzluqla nəticələnib”. Bundan sonra isə o, özünü traybozavr sanaraq regionçuluğa başlayıb və “Ağrıdağ” cəmiyyətini qurub. Yazı bu fikirlərlə yekunlaşır: “İndi isə o, liberal-demokratdır...” 

Virtualaz.org

Xəbərlər