4102
Bu gün 26 dekabr — 00:02

İndi hər şey aydın oldu, cənab Əliyev...

Azərbaycana heç də dost olmayan qüvvələrin fəal şəkildə dəstək verdiyi “Global Witness” təşkilatının qalmaqallı hesabatından bir il ötdü. Bu hesabat Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) guya “qeyri-şəffaf” fəaliyyətinə həsr olunmuşdu. Orada əsas fiqurant isə tanınmış azərbaycanlı biznesmen Anar Əliyev (Əlizadə) idi.

Qısaca onu deyək ki, hesabatda söhbət A.Əliyevin ARDNŞ prezidentinin və ya şirkət rəhbərliyindəki daha kimlərinsə guya yaxın qohumu olmasından, onların bu himayədarlığı sayəsində ARDNŞ-in az qala bütün layihələrində iştirak etməsindən və milyonlarla dollar qazanmasından gedirdi.

Azərbaycanın əksər kütləvi informasiya vasitələri, o cümlədən virtualaz.org saytı bu sensasion xəbərə dərhal reaksiya verdilər. Çünki araşdırma yazısında göstərilən faktlar ilk baxışdan çox inandırıcı görünürdü.

Yeri gəlmişkən, burada daha bir maraqlı məqam var. Britaniya təşkilatının bu hesabatı sonradan nəyə görəsə qalmaqallı jurnalist, ABŞ-ın Azərbaycandakı əsas agentlərindən biri Xədicə İsmayılovanın araşdırma yazısı kimi təqdim olundu.

Qalmaqallı hesabat dərc olunandan bir ay sonra “Business Time” jurnalı Anar Əliyevin özündən müsahibə aldı. İş adamı həmin müsahibəsində bütün qaranlıq məsələlərə aydınlıq gətirdi. Gənc biznesmen karyerasına hələ 20 yaşından başlamaqla kifayət qədər ciddi mövqe sayılacaq bir mərtəbəyədək yüksəlib. O, səmərəli menecment qaydalarını çoxillik karyerası ərzində öyrənib. Birləşmiş Ərəb Əmirliklərinin xeyli dərəcədə mürəkkəb sayılan xidmət bazarı sektorunda uğur və mövqe qazanmış gənc iş adamının necə deyərlər, haqqını yeməmək lazımdır. O, bu sektorda Azərbaycan biznesinin pionerlərindəndir. Bu insanın bir tərəfdaş kimi etibarlılığına çoxunda əminlik var. A.Əliyev ARDNŞ-in etimadını da bu reputasiyası hesabına qazana bilib. Şirkət bu gənc iş adamının faydalı təkliflərindən və cazibədar biznes layihələrindən imtina etməyib.

A.Əliyevin təşəbbüsü və fəal dəstəyi ilə sanballı bir qurum - “SOCAR Trading” neft satışı şirkəti yaradılıb. Azərbaycanın düşmənlərinin diqqətini cəlb edən məqam da elə bu şirkətin uğurlarıdır.

Adıçəkilən hesabatla tanış olmuş iş adamı birmənalı şəkildə dedi ki, bütün yazılanlar əsası olmayan fikirlər və böhtandır. Bizdə olan məlumata görə, A.Əliyev artıq hüquqşünaslardan ibarət beynəlxalq komanda yaradıb. Bu komanda “Global Witness”i şərəf və ləyaqətin təhqir olunması iddiası ilə məhkəməyə vermək üçün göstəriş gözləyir. Lakin A.Əliyev bunu hələlik təxirə salıb və enerjisini Azərbaycana zərbə vurmağa hazır dayanmış qüvvələrin sponsorluğu və sifarişi ilə çalışan hansısa bir təşkilatın əsassız ittihamları ilə mübarizəyə sərf etmək istəmir.

Haqqin.az saytı 2012-ci ilin iyul ayında (o zaman Azərbaycanda Anar Əliyevin adını çox z dam eşidərdi) “Azərbaycan məmurlarının korrupsiyasına dair sensasion faktlar” adlı məqalə dərc etmişdi. İsveçrənin Bazel şəhərində mənzillənən və azərbaycanlı siyasi mühacirlərin özünü “Hüquq və ədalət assosiasiyası” adlandıran təşkilatı “SOCAR Trading” şirkətinin fəaliyyətini həmin məqalədə sərt tənqid edirdi.

Qeyd etmək lazımdır ki, bu qalmaqallı əhvalatın əvvəlində A.Əliyevin opponentlərinin gətirdiyi arqumentlər daha inandırıcı görünürdü. Lakin Azərbaycan biznesinin neft-qaz sahəsindəki ilk qaranquşlarından birini məhv etmək niyyəti güdən “okeanaşırı satellitlər”in açıq informasiya hücumundan hiddətlənən gənc biznesmenin dəlil-sübutları bizi müstəqil jurnalist təhqiqatı aparmağa sövq etdi. Əldə etdiyimiz nəticələri oxuculara təqdim edirik ki, bu məsələdəki tərəfsizliyimiz təsbitlənsin.

Yayda haqqin.az saytında “Anar Əliyevin milyonları məsələsinə nöqtə” adlı məqalə dərc olundu. Bütün dünyada məşhur olan “Boston Consulting Group” (BCG) konsaltinq şirkətinin “SOCAR Trading” şirkətinin 2008-2013-cü illərdəki fəaliyyəti barədəki hesabatına əsaslanaraq bu işə yekun vurmağı qərara aldıq.

BCG-nin hesabatı “Global Witness”in hesabatından fərqli olaraq “SOCAR Trading”in fəaliyyətinin effektiv olduğunu göstərirdi. BCG-nin gətirdiyi arqument və faktlara etiraz etmək çox çətin idi. Həm də “SOCAR Trading” yaranandan sonra neft satışından gələn gəlirin hər barrelə görə 1,7 dollar artması, bunun da sayəsində Azərbaycanın 2009-cu ildən etibarən ildə 360 milyon dollardan artıq xalis gəlir götürməsi faktı göz qabağında ikən nəyə etiraz edəsən?

Başqa sözlə, Azərbaycan “SOCAR Trading” şirkətinin sayəsində 5 il ərzində təxminən 1,8 milyard dollar əlavə gəlir əldə edib.

BCG bildirir ki, “SOCAR Trading” neft satışı sahəsində ən fəal və çevik sistem yaradıb. Bu şirkət neft bazarındakı qısamüddətli böhranlara əvvəlki sistemlərdən daha dayanıqlıdır. Qısası, belə məlum olur ki, gənc azərbaycanlı biznesmen özünün adlı-sanlı qərbli həmkarlarından daha fərasətli imiş. “Global Witness”in onu qaralamasının səbələri də elə burada gizlənir.

Təəssüf ki, “Global Witness”in yazdıqları çoxlarını “SOCAR Trading”in fəaliyyətinin lazım olub-olmaması barədə düşünməyə məcbur edirdi. Lakin vaxt keçdi, hər şey yerbəyer oldu. Elə görünə bilərdi ki, yalançı tənqidi təhqiqatın müəllifi olan britaniyalı müəllif və onun azərbaycanlı həmmüəllifi Xədicə İsmayılova Anar Əliyevdən və “SOCAR Trading”in kollektivindən artıq rəsmən üzr istəyəcək. Amma olmadı. X.İsmayılova BCG-nin hesabatının obyektivliyinə inadla şübhə etməyə başladı. Beynəlxalq auditor şirkətlərin yekun qərarını göstərməyi tələb etdi.

BCG doğrudan da auditor firması deyil və onun hesabatı ancaq “SOCAR Trading”in peşəkar fəaliyyətinə dair qiymətləndirmədir. Ancaq BCG-in araşdırmasının arxasında Britaniya QHT-sinin Azərbaycanın treydinq şirkətinin imicini zədələyən uydyrmalarını faktiki olaraq təkzib edən “Böyük dördlüyün” auditi dayanırdı.

“Pricewaterhouse Coopers” “SOCAR Trading”in  biznesinin 31.12.2013-cü il tarixinə olan vəziyyətinə dair müstəqil qiymətləndirmə keçirib. Tezliklə isə EY (Ernst &Young) auditor şirkəti ARDNŞ-in maliyyə hesabatını yoxlayıb. Hər iki audit “Global Witness”in sayıqlamalarını təkzib edib, özü də daha nüfuzlu səviyyədə. Bundan əlavə, aparıcı enerji konsaltinq agentliyi , mənzil-qərargahı Şotlandiyada yerləşən “Wood Mackenzie” də “SOCAR Trading”in fəaliyyətini yüksək qiymətləndirib. Və şirkətin düşmənləri susublar. Əvvəlcə bizim özümüzdə də şübhə yaradan məqamlar göz önündə əriyib getdi...

Ancaq biz bununla kifayətlənmədik. Anar Əliyevlə şəxsən görüş tələb etdik ki, bu da asan iş olmadı. Haqqin.az saytının rəhbəri Eynulla Fətullayev nəhayət, bu görüşə nail olmaq üçün xeyli vaxt və qüvvə sərf etdi. Bizim bütün cəhdlərimiz geri çevrilirdi və əsas səbəb kimi saytımızın  Anar Əliyev haqda neqativ məqaləsi göstərilirdi.

Yalnız ötən ayın ortalarında KİV-lərlə çox həvəssiz təmas quran və istənilən formada piarın əleyhinə olan biznesmeni yola gətirmək mümkün oldu. Beynəlxalq təşkilatın hesabatında qeyd olunan bütün əsas parametrlər üzrə kəskin suallara cavab almaq üçün. Redaksiyamız həqiqəti üzə çıxarmaq üçün hər şeyə getdi. Və bu yaxınlarda bizim iki aylıq jurnalist araşdırmalarımızın nəticəsi olaraq Anar Əliyevlə geniş müsahibə saytımızda dərc olundu.

Çox danışmağa meyl etməyən adamı danışdırmaq elə də asan deyildi. Lakin müsahibə baş tutdu. Özü də elə ki, onu bizə istinadən nüfuzlu xarici KİV-lər də dərc etdilər. Səs-küylü məqaləni energetika sahəsində ixtisaslaşmış aparıcı Amerika və Britaniya nəşrləri, o cümlədən “Energy Business Review”, “Oil and Gas” və “Penn Energy” də öz oxucularına çatdırdılar.

Yeri gəlmişkən, “Energy Business Review” qeyd etdi ki, Azərbaycanda yaxşı tanınan jurnalist Eynulla Fətullayev “Global Witness” təşkilatının hesabatında “gizli fiqur” kimi tanıdılan gənc biznesmen Anar Əliyevlə müsahibə götürməyə nail olub.

Son yoxlama atəşi isə SOCAR tərəfindən yaradılan www.azerbaijananonymousexplained.com saytı oldu. Bu saytda “Global Witness”in hesabatında əksini tapan bütün yalan iddialara tutarlı şəkildə, dəlillərlə cavab verilir. İndiki halda SOCAR-ın mövqeyində qanunilik, şəffaflıq və əsaslandırılmış arqumentlər nümayiş etdirilib. Orada KPMG-nin SOCAR tərəfindən yaradılan birgə müəssisələr, keçirilən tenderlər və partnyorların, o cümlədən Anar Əliyevin seçilməsi zamanı qanuni fəaliyyəti əks olunur. Düşmən susdurulub, o, hələlik tərksilah edilib.

Bu əhatəli sözardı-xatırlatma nə üçündür? Onun üçündür ki, jurnalist etikasının əsas kodeksini yaddan çıxarmaq olmaz. Bizim mürəkkəb peşəmizin bu yazılmamış qanunu hadisələri işıqlandırarkən ədalətli olmağı, qərəzə yol verməməyi, prinsipiallığı və digər  mənəvi dəyərləri nəzərdə tutur. Biz öz vəzifəmizi bitmiş hesab edirik-işi prinsipal olaraq məntiqi sonluğuna çatdırmışıq.

Hərçənd ki, bir detal qalır: “Global Witness”ə və Xədicə İsmayılovaya haqlı olmadıqlarını etiraf etməyi və Anar Əliyevdən üzr istəməyi təklif etmək.

Hələ Azərbaycan xalqından da uydurmalara, faktların təhrif olunmasına görə üzr istəmək lazım gəlir. Doğrudur, İsmayılova üçün indi bunu etmək çətindir - onun düşdüyü yer bunu etməyə imkan vermir. Lakin Britaniya təşkilatı bunu etməlidir və öz saytına bizim Anar Əliyevlə müsahibəmizi yerləşdirməklə bunu edib. Və indiyədək belə hesab olunurdusa ki, onun əməkdaşları haqqin.az saytına məhəl qoymur, indi bizim məqaləmizin nüfuzlu ingilisdilli nəşrlərdə dərc olunmasından sonra bu təxmin tamamilə qüvvəsini itirir.

Ona görə də biz “Global Witness”dən konkret hərəkət gözləyirik. Çünki bu təşkilat həmişə “məsuliyyətli jurnalistikadan” dəm vurur. Britaniyalılar üçün bu, həmişə məsuliyyət və şərəf məsələsidir. Ancaq biz Anar Əliyevin bu fikri ilə həmrəyik ki, düşmən yəqin ki, Azərbaycana qarşı tamamilə yalan və əsassız bəyanatlar üzərində qurulmuş yeni hesabat formasında növbəti hücum hazırlayır.

Kim Anar Əliyev haqda nə deyirsə desin, onu necə tənqid edirsə etsin, özünün ağıllı bəyanatları və müsahibəsi ilə fürsətdən istifadə edib ölkəmizə zərbə vurmaq istəyən qüvvələri yerində oturdan bu gənc iş adamına minnətdar olmaq lazımdır. Hesab edirik ki, məhz bu fonda Anar Əliyevin həmin qüvvələrə qarşı alqışa layiq mübarizəsinə görə onun “Business Time” jurnalı tərəfindən “İşgüzar imic: İlin adamı-2014” mükafatına layiq görülməyə tamamilə haqqı çatırdı…

Virtualaz.org

Xəbərlər