976
Bu gün 17 oktyabr — 09:15

Berti Foqts Azərbaycan millisindən qovuldu

Azərbaycan futbol yığmasının baş məşqçisi Berti Foqts istefa verib.

Bu haqda AFFA-nın informasiya departamentinin rəhbəri Mikayıl Nərimanoğlu bildirib. Onun sözlərinə görə, Berti Foqts Azərbaycan millisi Xorvatiyaya böyük hesabla (0:6) məğlub olduqdan sonra menecerlərinə AFFA rəhbərliyi ilə danışıqlar aparmaq üçün göstəriş verib. Oktyabrın 16-da AFFA prezidenti Rövnəq Abdullayevlə görüşüb.

“Dünən - oktyabrın 16-da bu danışıqların nəticəsi olaraq AFFA rəhbərliyi ilə görüş keçirib. Berti Foqts bu görüşdə fəaliyyətini heç cür davam etdirə bilməyəcəyini söyləyib. AFFA rəhbərliyi baş məşqçi kimi fəaliyyətini davam etdirməyi bir daha təklif edib, ancaq qarşı tərəf imtina edib. Beləliklə, Foqts milli komandanın baş məşqçisi deyil. O, milli komandadan ayrıldı” - deyə AFFA sözçüsü bildirib.

Berti Foqtsun ünvanına həm azarkeşlər, həm də idman şərhçiləri xeyli tənqidlər səsləndirsələr də onun özünün də narazı qaldığı məqamlar var idi.

Mikayıl Nərimanoğlu deyir ki: “Berti Foqts bir sıra məsələlərdən narazı idi. Əsas narazılığı isə azərbaycanlı futbolçuların legioner həyatı yaşamaması idi. Daha yaxşı klublarda, Avropa klublarında oynayan futbolçularımız yoxdur. Futbolçularımızın fiziki hazırlığı beynəlxalq standartlara uyğun deyil. Bunlar da AFFA-nın səlahiyyətinə aid olmayan məsələlərdir. AFFA futbolçu hazırlamır. Futbolçu klublarda hazırlanır. Foqts Azərbaycanda olduğu müddətdə AFFA üzərinə düşən işləri tam yüksək səviyyədə yerinə yetirib, səfərlərə çarter reysləri ilə gedib, ən yaxşı otellərdə qalıb və s”.

Yeri gəlmişkən, AFFA bu günədək Berti Foqtsun maaşını açıqlamayıb.

Foqts qurban getdi. Qurban gəlir?

Bəs Foqtsu kim əvəz edəcək? AFFA-dan deyirlər ki, yeni namizədlərlə bağlı məlumat yoxdur. İdman şərhçiləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun milli yığmaya baş məşqçi gətirilməsini istəyirlər. Bu haqda ehtimallar istər idman kuluarlarında, istərsə də mətbuat səhifələrində səsləndirilir.

Mikayıl Nərimanoğlu deyir ki, bu haqda qərarı AFFA İcraiyyə Komitəsi verir: “Ancaq indilik bu haqda məlumat yoxdur. Məlumat olarsa, ictimaiyyətə də xəbər veriləcək”.

Qurban Qurbanov 2008-ci ildən Ağdamın "Qarabağ" klubunun baş məşqçisidir. "Qarabağ" klubu bir dəfə Azərbaycan Kubokunun qalibi olub, bir dəfə Azərbaycan çempionatının qızıl, bir dəfə gümüş, iki dəfə isə bürünc medalını qazanıb. Qurbanovun rəhbərliyi altında "Qarabağ" ilk dəfə 2014/2015 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ əldə edib.

Apasport.az saytının baş redaktoru İxtiyar Əsgərov həmin ehtimalı belə qiymətləndirir: “Berti Foqtsun yerində hamı yerli məşqçi Qurban Qurbanovu görür. Amma mən inanmıram o gələ. Azərbaycan millisinin baş məşqçisi postu təhlükəli, sürüşkən yerdir. İnanmıram Qurban Qurbanov “Qarabağ”da qazandığı nüfuzu, uğuru burda təkrarlaya. Milliyə gəlsə, “Qarabağ”da qazanacağı uğuru burada xərcləmiş olacaq. Əcnəbi məşqçilər də inanmıram gələ. Azərbaycan yığmasının problemi baş məşqçi yox, futbolçu problemidir. Bura Joze Mourinyonu da gətirsən xeyri yoxdur”.

Foqtsla Azərbaycan milli yığmasının yolları ayrılsa da AFFA ondan narazı qalmadığını bəyan edir.

Mikayıl Nərimanoğlu deyir ki, Azərbaycan yığması Berti Foqts zamanında rekord göstəricilər əldə edib: “Onun dövründə ilk dəfə komandamız FİFA reytinqində 73-cü pilləyə yüksəlib, ilk dəfə 9 xal toplayıb. Yəni xeyli uğurlu nəticələr olub. Bu da tarixdə qalacaq”.

Almaniya milli yığmasının sabiq oyunçusu Berti Foqts son 14 ildə məşqçiliklə məşğuldur. O, "Bayer-04" (Leverkuzen) klubunun, Küveyt, Şotlandiya, Nigeriya millilərinin baş məşqçisi olub. İdman şərhçiləri Berti Foqtsun bu komandalardakı fəaliyyətinin uğursuz olduğunu düşünürlər. O, son 6 ildə Azərbaycan millisinə məşqçilk edib.

Xəbərlər