1221
Bu gün 24 fevral — 10:00

Ərdoğanın qəzeti Azərbaycana qarşı WikiLeaks teleqramlarını işə saldı

“Donald Lu yazırdı  ki, nurçular Azərbaycanda möhkəmlənmək üçün məmurlara rüşvət verir...”

Türkiyə hökuməti və bu ölkənin Ərdoğan-Gülən mübarizəsində birincini dəstəkləyən xüsusi xidmət orqanları Azərbaycanda nurçuluq təriqəti ilə bağlı təhdidləri yenidən gündəmə gətirib.

Virtualaz.org saytı xəbər verir ki, bu dəfə hökumətə və şəxsən baş nazir Ərdoğana bağlı olan “Yeni Şafak” qəzeti Azərbaycanda fətullahçıların dövlət aparatında özlərinə yer etməsi barədə WikiLeakssaytında açıqlanmış Amerika məxfi teleqramlarına istinadən yazıb.

Xatırladaq ki, bu günlərdə Türkiyə xüsusi xidmət orqanları Fətullah Gülənin yeni telefon danışıqlarını internetə sızdırıb. Həmin telefon danışıqlarından biri ötən il oktyabrın 26-da qeydə alınıb və orada söhbət yeni təyin olunan müdafiə naziri Zakir Həsənovdan gedir.

F.Gülənlə danışan şəxs Z.Həsənovu “nurçulara yaxın şəxs” kimi təqdim edərək Fətullah Gülənin adından ona təbrik göndərilməsindən bəhs edir.

Daha sonra Türkiyə xüsusi xidmət orqanlarına bağlı sayt xarici işlər naziri Elmar Məmmədyarovu “Azərbaycanda nurçuların möhkəmlənməsinə şərait yaradan əsas şəxs” kimi təqdim edib.

Baş nazir Ərdoğan isə onun telefon danışıqlarını parlamentdə dinlətdirən CHP liderinə səslənərək demişdi ki, Kamal Kılıcdaroğlu onun “adi telefon söhbətlərini” dinlətdirməkdənsə Fətullah Gülənin “Azərbaycanda hansı çirkli oyunlar qurduğunu əks etdirən” danışığını dinlətdirsin.

Virtualaz.org saytı Türkiyə hökumətinin və xüsusi xidmət orqanlarının bu səylərinin Ərdoğanın keçmiş müttəfiqinə qarşı başlatdığı mübarizəni israrla Azərbaycana da keçirməyə çalışması kimi şərh edib. Belə ki, Azərbaycanda hələ 90-cı illərin əvvəllərindən Fətullah Gülənin şəbəkəsinin özünə yer etməyə başladığı hamıya məlumdur. Lakin Azərbaycanda bu təriqətin yaratdığı təhdidlə bağlı Türkiyədən edilən eyhamlara rəsmi Bakı belə görünür ki, ciddi yanaşmadı. Ən azından Azərbaycan hakimiyyəti fətullahçı şəbəkəyə qarşı mübarizəyə başlamağa hazırlaşmır və İsraildən, ABŞ-dan dəstəklənən bu təriqətlə münasibətlərini korlamaqda maraqlı görünmür.

Türkiyə hökuməti isə Azərbaycanda nurçu təhlükəsi barədə təbliğatını davam etdirməkdədir. “Yeni Şafak” qəzeti WikiLeaks saytında yayılmış Amerika məxfi diplomatik teleqramlarına istinad edərək Azərbaycanda nurçuların fəaliyyəti barədə deyilənləri gündəmə gətirir. Məsələn, məqalədə göstərilir ki, ABŞ-ın Bakıdakı keçmiş müvəqqəti işlər vəkili Donald Lu 2008-ci ildə Vaşinqtonda göndərdiyi məxfi teleqramda fətullahçıların Azərbaycanda 13 hazırlıq kursunun, 11 kollecinin və bir universitetinin olduğunu yazıb. Diplomat bildirib ki, Azərbaycan rəsmiləri onunla söhbətlərdə fətullahçıların məktəblərini tərifləyiblər.

Donald Lu digər teleqramında yazıb ki, prezident İlham Əliyev Türkiyənin Din İşləri Komitəsi ilə fətullahçı təriqət arasında bəlli xətt qoyub, dövlətin rəsmi strukturu olan Din İşləri Komitəsinə daha yaxın münasibət göstərib. Lakin AKP-nin hakimiyyətə gəlişindən sonra nurçulara münasibət yumşalıb.

Donald Lunun teleqramına istinadən bildirilir ki, Azərbaycanda Gülən camaatı ilə hakimiyyət arasında münasibətlər kifayət qədər yaxşıdır. Diplomatın bəzi yerli mənbələrə istinadən yazdığına görə, camaat mənsubları ölkədə fəaliyyətlərini möhkənləndirmək üçün “Azərbaycan hökumətinin içərisindən bəzi şəxslərə” diplomatik dillə “əməliyyat xərcləri”, yaxud rüşvət ödəyirlər.

Virtualaz.org

Xəbərlər