410
Bu gün 15 sentyabr — 00:54

“Qarabağ” liderlikdə “Neftçi”yə şərik oldu

Sentyabrın 14-də Topaz Premyer Liqasının dördüncü turuna start verilib.

Virtualaz.org bildirir ki, “Azersun Arena”da keçirilən turun açılış oyununda son çempion “Qarabağ” klubu “Sumqayıt” komandasını qəbul edib.

Oyunda hesab 21-ci dəqiqədə açılıb. Araz Abdullayevin qapıya vurduğu zərbə zamanı top "Sumqayıt" klubunun müdafiəçisinin əlinə dəyib. Oyunun baş hakimi İnqilab Məmmədov yan hakimlə məsləhətləşəndən sonra 11 metrlik cərimə zərbəsi təyin edib. Filip Ozobiç fürsəti əldən verməyib.

Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.

Fasilədən sonra oyunun favoriti sayilan "Qarabağ" rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Matçın 61-ci dəqiqəsində ağdamlıların hücumçusu İnnosent Emeqara qapıçı ilə təkbətək qalsa da, zərbəsi dəqiq olmayıb. Oyunun 70-ci dəqiqəsində "Sumqayıt" klubunun futbolçusu Yusif Nəbiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Beləliklə, görüş "Qarabağ" klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra “Qarabağ” xalını yeddiyə çatdırıb və turnir cədvəlində lider “Neftçi”yə şərik olub.

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında deyib ki, oyun ağır olub: “Bizdə çox şey alınmırdı. Bu da başadüşüləndi. Komanda dünən bir araya gəlmişdi. Buna baxmayaraq, futbolçuları təbrik edirəm. Altı gün sonra Portuqaliyada çətin oyunumuz var. "Sumqayıt"a uğurlar arzulayıram. Nazim Süleymanovun komandası oyundan-oyuna yaxşı oynayır. Düşünürəm ki, qarşıdakı matçlarda daha yaxşı nəticələlər əldə edəcəklər".

Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb və bildirib ki, bazar günü kubok uğrunda yarışa çıxacaq "Sportinq"in matçlarına baxdığından həmin oyunu izləməyə nümayəndə göndərməyəcək.

Qeyd edək ki, turun qalan oyunları həftəsonu keçiriləcək. Artıq bu gün “Səbail” “Zirə”ni qəbul edəcək. Bazar günü isə “Sabah” – “Qəbələ” və “Neftçi” – “Keşlə” oyunları keçiriləcək.

Xəbərlər