222
Bu gün 10 avqust — 13:53

Şabran və Tərtərdə də biçilmiş taxıl sahələrini yandıran şəxslər saxlanıldı

Şabran rayonunda biçilmiş taxıl sahələrini yandıran iki nəfər saxlanılıb.

Bu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Belə ki, Şabran Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində iyulun 29-da Dağbilici və Xəlfələr, avqustun 5-də isə Taxtakörpü kəndləri ərazisində ehtiyatsızlıqdan biçilmiş taxıl və quru otlaq sahələrinin yanmasına səbəb olan Asəf Qasımov və Elşən Hacıyev saxlanılıblar. Onlar barəsində inzibati qaydada qanunauyğun tədbirlər görülüb. Dindirilmə zamanı hər iki şəxs ehtiyatsızlıqdan törətdikəri yanğına görə peşman olduqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycanda taxıl biçinindən sonra sahələrə od vuranlara, habelə yüksək gərginlikli elektrik xətlərinin altında əkin sahələrini yandıraraq bu xətlərə təhlükə yaradanlara, o cümlədən meşə sahələrində yanğınlara səbəb olanlara qarşı hüquq-mühafizə orqanları tərəfindən ciddi tədbirlər görülür. Son günlər biçilmiş taxıl sahələrini və digər əkin sahələrini ehtiyatsızlıqdan və qəsdən yandıran 15 nəfər inzibati həbs edilib, daha 17 nəfər barəsində isə digər inzibati cəza tədbirləri görülüb. Əkin sahələrində, meşəlik ərazilərdə yanğınların törədilməsinə qarşı mübarizə qanunvericiliyin tələbləri əsasında sərtləşdrilib. Bundan sonra da belə əməllər törədənlər barəsində cəza tədbirləri görüləcək.

Ötən il İnzibati Xətalar Məcəlləsində edilmiş dəyişikliyə əsasən, əkin sahələrinin yandırılmasına qarşı cəzalar sərtləşdirilib. Əkin yerlərinin yandırılmasına görə fiziki şəxsləri 400 manatdan 600 manata qədər, vəzifəli şəxsləri 1 500 manatdan 2 000 manata qədər, hüquqi şəxslər isə 5 000 manatdan 6 000 manata qədər cərimə cəzası gözləyir.

*

Tərtər rayonunda bişilmiş taxıl sahələrini yandıran iki nəfər saxlanılıb.

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Bürünc və Qarağacı kəndlərində əkinə yararlı torpaq sahələrini yandıran rayon sakinləri müəyyən edilərək saxlanıb.

Tərtər rayon sakinləri - Rahim Fərman oğlu Qurbanov və Sirac Muxtar oğlu Babayev törətdikləri əməli etiraf ediblər. Onlar bildiriblər ki, özlərinə məxsus biçilmiş taxıl sahəsində yanğın torətmələrinə səbəb növbəti əkinə hazırlıq işlərinin görülməsi olub.

Tərtər Rayon Polis Şöbəsinin təhqiqatcısı Natiq Şirinovun "Report"un yerli bürosuna verdiyi məlumata görə, yanğın hadisəsini törədən şəxslər ekologiyaya ziyan vurmaqla bərabər, torpağın üst münbit qatına da ziyan vurublar. Bununla da həmin şəxslərin barəsində İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi məqsədilə qəbul edilmiş qərarın surəti Tərtər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinə göndərilib. (Report)

*   *   *13:11

Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində avqustun 9-da 2 hektar biçilmiş taxıl sahəsində küləş yanıb.

DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, yanğın söndürülüb, onun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb.

Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin kənd sakinləri olan iki yeniyetmə tərəfindən törədilməsi müəyyən edilib və onlar saxlanılıblar.

Xəbərlər