1498
Bu gün 13 iyul — 00:27

Mübariz Mənsimovun qardaşı qaçqın və məcburi köçkün ailəsinə “atdı”

"Palmali Holding"in sahibi Mübariz Mənsimovun qardaşı Mais Mənsimov ev-eşiyindən didərgin saldığı qaçqın və məcburi köçkün ailəsinin pulunu qaytarmaq istəmir.

Virtualaz.org bildirir ki, buna görə ümidini itirmiş ailə açıq məktubla oliqarxın özünə müraciət edib. Həmin məktubun mətni yerli KİV-də dərc olunub.

Bir ailənin 14 üzvünün imzaladığı məktubda deyilir ki, Mübariz Mənsimovla elektron poçt və sosial şəbəkələr vasitəsilə dəfələrlə əlaqə saxlamaq cəhdlərinə baxmayaraq, o onların müraciətlərinə məhəl qoymayıb, bu səbəbdən də ona açıq məktubla müraciət etmək qərarına gəliblər.

"Bildirmək istəyirik ki, biz Qərbi Azərbaycandan qaçqın və Şuşa şəhərindən məcburi köçkün düşərək 10 nəfər ailə üzvü ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi 31 ünvanında ayrılmış təmirsiz 70 kv. metrlik mənzildə yerləşdirildik. Sonradan dayım Əsgərov Nəriman Qasım oğlu həmin mənzilin yanındakı 374 kv.metrlik Təmir tikinti idarəsinin obyektinin 12.75%-ni, yəni 47.6 kv.metrlik çörək sexini Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş 26.04.1999-cu il tarixli 001155 saylı çıxarışa əsasən öz adına özəlləşdirdi.

2004-cü il tarixdə vətəndaş Fərhad Kazımov və özlərini "Palmali" Şirkətlər Qrupunun işçiləri və Sizin qardaşınız kimi təqdim edən Mais Mənsimov və qohumunuz (yeznəniz) olan Aşur adlı şəxs yaşadığımız ünvana gələrək mənzili və çörək sexini alaraq yerində çoxmərtəbəli bina tikmək istədiklərini bildirdilər. Biz ümumilikdə 117.6 kv.metrlik mənzil və çörək sexinin alqı-satqısını 80.000 manata razılaşdıq. Onlar bizə əvvəlcə 48.000 min manat pul verdilər, qalan 32.000 min manat pulu mənzili boşaltdıqdan sonra verəcəklərini bildirdilər.

Razılaşdığımız kimi, biz onlara notariat kontoru vasitəsilə çörək sexi üzərində sərəncam vermək barədə etibarnamə verdik, onlar isə pulu səhəri gün ofisdən götürməyimizi bildirdilər. Səhəri gün bizə borclu olduqları 32.000 manat pulun əvəzinə 15.000 təklif etdilər. Biz belə razılaşmadığımızı bildirdikdə, zor gücünə ailə üzvlərimizi yaşadığımız mənzildən çıxarıb, evdə və çörək sexində olan əşyaları küçələrə tökərək, traktor və buldozerlə evimizi və çörək seximizi yerlə-yeksan etdilər. Həmin vaxtı evdə olan əşya və avadanlıqların çoxu yararsız hala düşüb, bəziləri isə itib. Dayım Nəriman Əsgərov bu səbəbdən də onlara verdiyi etibarnaməni ləğv etdi.

Məlum hadisələrlə bağlı dəfələrlə Sizin qəbulunuza düşmək istəsək də, bizə imkan vermədilər. Sonradan 15.000 manat pulu da verməkdən imtina etdilər. Biz həmin pula yalnız təmirsiz 2 otaqlı mənzil ala bildik və 14 nəfər ailə üzvümüz, həmçinin Astara rayonundan olan gəlinimizlə birlikdə orada yaşamağa məcbur olduq...

Xahiş edirik bu məsələ ilə bağlı bizi qəbul edib köməklik göstərəsiniz”, - deyə Orxan Əlizadə, Nəriman Əsgərov və daha 12 nəfər qaçqın və məcburi köçkün ailəsi üzvünün imzaladığı məktubda deyilir.

Virtualaz.org

Xəbərlər