867
Bu gün 12 iyul — 21:22

Türkiyə xüsusi xidmət orqanları Gülənin Azərbaycan üzrə “xəzinədar”ını saxladı

Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) əməkdaşları Fətullah Gülən terror təşkilatının (FETÖ) iki üzvünü Azərbaycan və Ukraynadan Türkiyəyə aparıblar.

“Anadolu” bildirir ki, Türkiyəyə aparılanlar Gülən hərəkatının Azərbaycan üzrə “xəzinədar”ı və Gülən tərəfdarlarının Türkiyənin Mersin əyaləti üzrə “imamı”dır.

Məlumatlara əsasən, Azərbaycanda saxlanılan İsa Özdəmir və Ukraynada tutulan Salih Zəki İgit iyulun 12-də İstanbula aparılıblar. Onların hər ikisinə qarşı terror təşkilatına üzv olmaqla bağlı ittiham irəli sürülüb.

Özdəmir 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib. Bir müddət FETÖ strukturlarının Azərbaycan üzrə “məsulu” olub.

Yeri gəlmişkən, virtualaz.org xatırladır ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində FETÖ üzvü olmaqda ittiham olunaraq Azərbaycanda həbs edilən İsa Özdəmirin öz ölkəsinə ekstradisiya edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin təqdimatı üzrə məhkəmə prosesi başa çatmışdı. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə elan olunan qərara əsasən, nazirliyin təqdimatı təmin edilməmiş,  ekstradisiyadan imtina olunmuş və İ.Özdəmir məhkəmə zalından azadlığa buraxılmışdı...

Salih Zəki İgit isə FETÖ adından Mersin əyalətindəki iş adamlarından vergi toplayıb. Toplanan vəsait ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülənə göndərilib.

2016-cı il 15 iyul hərbi çevriliş cəhdinin iflasa uğramasından sonra İgit Ukraynaya qaçıb.

Xəbərlər