285
Bu gün 12 iyul — 14:25

DAN Xidməti yükdaşıma ilə məşğul olan şəxslərə xəbərdarlıq etdi

Bakı-Qazax magistralının 21-ci kilometrliyində baş verən məlum qəza ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Yükdaşımaların Tənzimlənməsi Sektorunun müdiri Arif Məmmədov, "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili" MMC-nin müvafiq struktur heyəti hadisə yerində olublar.

Xidmətdən virtualaz.org-a verilən məlumata görə, bununla əlaqədar DANX ölkədaxili yükdaşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlara ciddi xəbərdarlıq edib.

Xəbərdarlıqda bildirilir ki, balanslarında olan avtonəqliyyat vasitəsini idarə edən sürücülərin müvafiq qaydada reysqabağı tibbi müayinədən keçirilməsində nöqsana yol verən, sürücülərin iş və istirahət vaxtlarına əməl etməyən hüquqi və fiziki şəxslərlə bağlı müvafiq qaydada ölçü götürülərək, avtonəqliyyat vasitələrindən istifadəyə dair müvafiq icazəyə yenidən baxılacaq və insan həyatı üçün təhlükə yaradan faktorlar əsas götürülərək daşıyıcı qismində fəaliyyətlərinə həmişəlik xitam verilməsinə dair ən sərt şəkildə tədbir görüləcək. Hazırda sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşə hazırlığı ilə əlaqədar də bir sıra problemlərin mövcud olduğuna baxmayaraq, daşımalarla məşğul olan sürücülərin hazırlanmasını həyata keçirən tədris müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə hökümətə ən yaxın zamanda təqdim edilməsi üçün kompleks tədbirlər paketi hazırlanıb.

Eyni zamanda Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin nəzdində fəaliyyət göstərən Təlim-Tədris Mərkəzinin maddi-texniki bazasının yaxşılaşdırılması, bu mərkəzdə ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları həyata keçirən sürücülərin, habelə taksi sürücülərinin xüsusi proqram əsasında peşə fəaliyyətinə və davranışına uyğun hazırlanması üçün Beynəlxalq Nəqliyyat Forumunun Keyfiyyət Xartiyasına uyğun tədrisin təşkil olunması vasitəsilə xarici mütəxəssislərin cəlb edilməsinə dair danışıqlar aparılır. Bu danışıqların nəticəsi olaraq növbəti ildən həm sürücülər, həm də mütəxəssislər üçün vacib olan beynəlxalq sertifikatlar vermək hüququnu əldə etmək, planda olan ən vacib məsələlərdəndir.

Dövlət Avtomobil Nəqliyyatı Xidməti təhlükəsiz daşımaların həyata keçirilməsi üçün yüksək texnologiyaların tətbiqi məqsədlə TPF Getinsa, TÜV Thüringen, SAP və CİSCO kimi nüfuzlu şirkətlərlə müxtəlif platformalar çərçivəsində əməkdaşlığa da start verib.

Həyata keçirilməsi nəzərdə tutulan bütün layihələr daşımaların təhlükəsizliyinin təmin edilməsi, daşıyıcılar arasında sağlam rəqabət mühitinin formalaşdırılması, daşıyıcıların maddi texniki bazasının yaxşılaşdırılması niyyətini güdür və 2019-cu ilin yanvar ayından etibarən icra edilməsi planlaşdırılır. Bu baxımdan sahə üzrə sadalanan, problemlərin qarşısının alınması üçün bir daha daşıyıcı hüquqi və fiziki şəxslərə müraciət edərək bildiririk ki, insan həyatı üçün təhlükə yarada biləcək heç bir hal diqqətdən kənarda qalmayacaq və ən sərt şəkildə tədbirlər görüləcək.

Xatırladaq ki, yük maşını sürücüsünün sükan arxasında yuxuya getdiyi ilkin ehtimalı ilə baş verən qəza nəticəsində 1 nəfər ölüb, xəsarət alan 19 nəfər həkimə müraciət edib. Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

G. Əliyeva

Virtualaz.org

Xəbərlər