213
Bu gün 17 may — 13:39

M.Abbaszadə: “Yaz imtahanının nəticələri yay imtahanında orta hesabla 20% artacaq”

"Mayın 13-də II və III qruplar üzrə keçirilən qəbul imtahanının nəticələri ötən ilki səviyyədədir". Bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Sədr bildirib ki, DİM iki imtahanın nəticələri əsasında ən yüksək nəticəni nəzərə alır: "Ötən ilin nəticələrini təhlil etdikdə gördük ki, ikinci imtahanlarda iştirak edənlərin nəticəsi 20 faiz artıb. Bu da o deməkdir ki, builki yaz imtahanının nəticələri yay imtahanında orta hesabla 20 faiz artacaq".

M.Abbaszadə bu il nəticələrin daha fərqli olacağını istisna etməyib: "Çünki ötən il biz abituriyentlərə imkan vermişdik ki, bir qrupda iki dəfə imtahan versinlər. Amma bu il abituriyentlərə birinci dəfə iştirak etdiyi qrupu dəyişmək imkanı vermişik. Belə ki, yaz imtahanlarında II ixtisas qrupunda imtahan verən abituriyentlər yay imtahanında III qrup üzrə imtahanda iştirak edə bilir. Bu baxımdan biz hələ bilmirik ki bu dəyişmələr necə olacaq və nəticələrə necə təsir edəcək. Yalnız sessiya başa çatdıqdan sonra hansısa fikir söyləmək olar".

Xəbərlər