3226
Bu gün 15 may — 15:17

Daşnaklar da Qarabağ səhvinə görə Paşinyana qarşı çıxdı

Ermənistanda hakimiyyətə “küçədən gələn” baş nazir Nikol Paşinyanın bu kresloya əyləşər-əyləşməz Azərbaycanın işğal altındakı ərazilərinə gələrək burada çoxsaylı yerli və xarici jurnalistlərin iştirakı ilə keçirdiyi mətbuat konfransında dedikləri səngərin o tayında şiddətli didişmə başladıb. virtualaz.org xəbər verir ki, bunun səbəbi Nikol Paşinyanın baş nazir kimi Qarabağ danışıqlarında ancaq Ermənistanı təmsil edəcəyini, Dağlıq Qarabağı isə onun “öz hakimiyyətinin təmsil etməli olduğunu” deməsidir. 

Paşinyan bunu Dağlıq Qarabağın tərəf kimi danışıqlar masasına qayıtmasının vacibliyi haqda danışarkən deyib. Və dərhal etirazlara səbəb olub.

Əvvəlcə Ermənistanın müdafiə naziri postundan təzəcə ayrılmış Vigen Sərkisyan Paşinyanı Qarabağ məsələsində diplomatik səhvə və səriştəsizliyə yol verməkdə qınayıb. Bildirib ki, Paşinyan Ermənistanı danışıqlarda tərəf kimi təqdim etməklə “böyük səhvə” yol verib. Çünki Azərbaycan neçə vaxtdır Ermənistanın münaqişədə tərəf olduğunu sübuta yetirməyə çalışırdı, amma buna nail olmurdu. 

Sərkisyan məsələni belə təqdim edib ki, guya indiyə qədər Ermənistan danışıqlarda münaqişə tərəfi kimi yox, Dağlıq Qarabağın təhlükəsizliyinin qarantı və partnyoru kimi iştirak edirmiş.

Habelə Vigen Sərkisyana görə Paşinyanın baş nazir kimi danışıqlarda ancaq Ermənistanı təmsil edəcəyini deməsi həm də ona görə anlaşılan deyil ki, buradan çıxa biləcək məntiqi nəticəyə görə Ermənistan danışıqlarda Dağlıq Qarabağdan ayrı gündəmə malik olacaq. Hansı ki, indiyədək belə olmayıb.

Sərkisyanın ardınca keçmiş prezident Levon Ter-Petrosyan məsələyə münasibət bildirib. O, Paşinyana haqq qazandırıb və əksinə, keçmiş müdafiə nazirinin özünü Qarabağ məsələsində səriştəsizlikdə günahlandırıb.  Ter-Petrosyan iddia edib ki, vaxtilə onun hakimiyyətinin “parlaq diplomatik uğurları” nəticəsində BMT Təhlükəsizlik Şurasında qəbul edilmiş 4 qətnamənin heç birində Ermənistan münaqişə tərəfi kimi göstərilməyib, Azərbaycan ərazilərinin “yerli erməni qüvvələri tərəfindən işğal edildiyi” qətnamələrdə əksini tapıb.

Bu dəfə Vigen Sərkisyan Ter-Petrosyanı hədəf alıb. Bildirib ki, onun Qarabağ məsələsində mövqeyi (münaqişənin mərhələli həll planına razılıq verməsi ) erməni xalqına məlumdur, eləcə də erməni xalqının bu mövqeyə münasibəti bəllidir. Hansı ki, Ter-Petrosyan həmin mövqeyinə görə istefa verməli olmuşdu.

Daha sonra didişməyə digər keçmiş prezident Robert Köçəryan qoşulub. Köçəryanın ofisi yaydığı bəyanatda bildirib ki, 90-cı illərin sonlarına doğru Dağlıq Qarabağın danışıqlarda iştirakını dayandıran və Ermənistanın onun əvəzindən danışıqlar aparmasını razılaşdıran elə Ter-Petrosyan özü idi. Hansı ki, indi o Dağlıq Qarabağın danışıqlara qaytarılması haqda danışır və bunun baş verməməsini keçmiş hakimiyyətlərin səhvi adlandırır. Köçəryanın ofisi Ter-Petrosyanı “həyasızlıqda” da günahlandırıb.

Ter-Petrosyan Köçəryana cavab verməyib, amma polemikaya bu dəfə Minsk Qrupunun keçmiş rusiyalı həmsədri, erməniyönümlü mövqeyini çoxdan sübut etmiş Vladimir Kazimirov qoşulub. Kazimirov Paşinyana və Ter-Petrosyana birlikdə haqq qazandırıb. Erməni KİV-lərinə açıqlamasında deyib ki, Ermənistanın münaqişədə tərəf olması çoxdan, lap elə münaqişə təzə-təzə qızışmağa başlayandan bəllidir. Ona görə də bunu ört-basdır etməyə ehtiyac yoxdur. Amma diqqəti Ermənistanın danışıqlarda tərəf olmadığına yox, Dağlıq Qarabağın danışıqlar masasına qayıtmağa yönəltmək yaxşı olardı.

Nəhayət məsələ Paşinyanın təzəcə formalaşdırdığı koalisiyada etiraza səbəb olub. Paşinyanın kabinetində təmsil olunan daşnakların nümayəndəsi, “Daşnaksütun” İnqilabi Federasiyasının Ali orqanının üzvü, hərbi ekspert Artur Yegizaryan deyib ki, onlar Ermənistanın Qarabağ münaqişəsində tərəf olduğu barədə Nikol Paşinyanın dedikləri ilə razı deyillər. Amma onun Qarabağın danışıqlar masasına qayıtması barədə dediklərini dəstəkləyirlər.

Yegizaryanın sözlərinə görə, əslində 2016-cı ilin aprel müharibəsindən bu yana danışıqlar yoxdur. Tərəflər arasında gərginlik artıb və situasiya çox dəyişib. “Biz əlimizdən gələni etməliyik ki, Dağlıq Qarabağ danışıqlar masasına qayıtsın”-Yegizaryan bildirib.

Bakıda isə belə görünür ki, Nikol Paşinyanın “səhvini” ciddiyə almayıblar və ümumiyyətlə Ermənistanın yeni baş nazirinin hələ küçə etirazlarının doğurduğu eyforiyanın təsiri altında olduğunu nəzərə alırlar. Bu səbəbdən XİN Paşinyanın Qarabağdakı çıxışlarına mətbuat katibi səviyyəsində ötəri reaksiya verib və onun hökumətinin əvvəlki hakimiyyətlərin yolu ilə gedib-getməyəcəyini görmək üçün gözləməyə üstünlük verir.

Münaqişədə neçə tərəfin olduğu, Ermənistanın ayrıca tərəf olub-olmadığı mövzusu bu ölkədə ilk dəfə deyil polemikalara, ziddiyətlərə səbəb olur. Ermənistanda hakimiyyəti ələ keçirən Qarabağ klanı qondarma “DQR”in iştirakı olmadan danışıqlar aparmağı razılaşdırıb. Amma sonra bu məsələyə görə müxalifətlə hakimiyyət arasında mübahisələr yaranıb. Formal olaraq İrəvanın ideologiyası dünyaya bunu sübut etməyə yönəlib ki, guya Ermənistan münaqişədə tərəf deyil. Lakin 25-27 il bundan qabaq münaqişənin necə alovlandığı və Azərbaycan ərazilərini Dağlıq Qarabağdakı erməni yaraqlıları ilə birlikdə işğal edənin də Ermənistan ordusu olduğunu sübut etmək üçün hansısa diplomatik məharətə ehtiyac yoxdur. Bu açıq-aydın, hər yerdən görünən fakdır, onu inkar etmək isə ancaq dünya erməniliyinin mahiyyətindən –bütün ideologiyasını yalan, uydurma üzərində qurmuş zümrənin xislətindən irəli gəlir.

F.Məmmədov

Virtualaz.org

Xəbərlər