1387
Bu gün 17 aprel — 13:03

Avropa Parlamentinin üç deputatını Azərbaycana görə cəzalandırdılar

Avropa Parlamenti üç deputatı Azərbaycana seçkilərdə müşahidəçi qismində səfər etdikləri üçün cəzalandırıb. Virtualaz.org Polşa KİV-lərinə istinadən xəbər verir ki, siyasətçilərin özləri bu qərarla qətiyyən razı deyillər.

Bunlar Polşanın “Hüquq və ədalət” partiyasından iki deputat – Rişard Çarnetski və Kosma Zlotovski, həmçinin britaniyalı avrodeputat Devid Bannermandır. Onlar bundan sonra Avropa Parlamentinin müşahidəçi missiyalarında iştirak edə bilməyəcəklər. Avropa İttifaqının hüdudlarından kənarda demokratiyanın monitorinqi və dəstəklənməsi ilə məşğul olan Avropa Parlamentinin təmsilçiləri bu barədə Avropalı Konservatorlar və İslahatçılar Qrupunu (ECR) xəbərdar ediblər. Deputatlar Avropa Parlamentində məhz bu fraksiyaya daxildirlər.

Polşa KİV-ləri yazırlar ki, guya Çarnetski və Zlotovski Bakıya bunu etməməklə bağlı xəbərdarlıqdan sonra yollanıblar. “Bu deputatların prezident seçkilərində iştirakı və kütləvi şərhləri bizim üçün, yumşaq desək, sürpriz oldu”, - ECR-in ünvanına göndərilmiş məktubda deyilir. Onun surətini özünün “Twitter” hesabında avrodeputat Roza Tun yerləşdirib.

Həmçinin vurğulanır ki, gələcəkdə seçkilərdə iştirakdan uzaqlaşdırılmaqla yanaşı, Çarnetskini “2016-cı ildə Azərbaycanda və Özbəkistanda, 2017-ci ildə isə Ermənistanda verdiyi əvvəlki bəyanatlara görə” əlavə sanksiyalar gözəyə bilər. Deputatın fraksiyadan kənarlaşdırılması məsələsi gündəmə gəlib.

Rişard Çarnetski və Kosma Zlotovski

Lakin bundan az sonra Rişard Çarnetskinin özünün cavabı gəlib və o, ünvanına bildirilən ittihamlarla qətiyyən razı deyil.

“Bunu özümə qarşı, Avropa Parlamentində Polşanın maraqları uğrunda mübarizəmə qarşı hücum hesab edirəm, - siyasətçi deyir. – Avropalı konservatorlar və islahatçılar postsovet məkanı ilə münasibətlərə xüsusi əhəmiyyət verirlər. Cənubi Qafqazdan dörd partiyanın – iki Gürcüstan, bir Ermənistan və bir Azərbaycan partiyasının bu Avropa partiyasına üzvlüyü də bunu sübut edir.

Azərbaycandan olan bu partiya prezident seçkilərində Qüdrət Həsənquliyevin namizədliyini irəli sürmüşdü. ECR-in polşalılar üçün və postsovet ölkələri ilə əlaqələrin ECR üçün nə qədər əhəmiyyətli olmasını anlamağınız üçün deyə bilərəm ki, partiyamızın ötənilki sammiti Ermənistanda keçirilmişdi, builki isə Azərbaycanda təşkil olunacaq. Hesab edirik ki, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrindən üz çevirməyə dəyməz. Bu, o demək olacaq ki, biz onları Rusiyanın əllərinə tərəf itələyirik”.

Çernetskinin sözlərinə görə, onlara Azərbaycana getməyə qadağa qoyulması ilə bağlı məlumat yanlışdır.

“Azərbaycana ECR-in Kosma Zlotovskinin rəhbərliyi altında rəsmi nümayəndə heyəti getmişdi. Bizə heç kim Bakıya getməməyimizlə bağlı rəsmi xəbərdarlıq erməyib. Fraksiyamızın rəhbərliyinə bununla əlaqədar heç bir məktub yollanmayıb. Bu, Qərbi Avropanın aşkar ikiüzlülüyüdür.

Seçkilərdən sonra Donald Tusk prezident İlham Əliyevi təbrik edəndə, onun heç bir problemi olmur. Merkel və Mogerini, Renzi və Yunker Azərbaycan başçısı ilə görüşüblər. Yalnız polşalı siyasətçilər Əliyevlə görüşəndə narazılıq yaranır. Bizim səfərimizlə bağlı tənqid ikiüzlülüyün son həddidir.

Biz prezident Lex Kaçinskinin siyasətini davam etdirməliyik. Bu, yalnız Polşa üçün deyil, bütün Avropa İttifaqı üçün vacib məsələdir. Beləliklə, biz Rusiyanın bu sahədə təsirini məhdudlaşdırırıq. Təbiət vakuumu sevmir. Orada biz yoxuqsa, ruslar olacaq. Regiona arxamızı çevirməklə biz Bakını, Tbilisini, Yerevanı, yaxud Astananı Rusiyanın silahına doğru itələyirik.

Bizə şamil olunan bəyanat çox qeyri-peşəkardır. Orada göstərilir ki, mən Özbəkistanda olmuşam. Bu, doğru deyil. Mən Qazaxıstanda, Qırğızıstanda, Monqolustanda, Tacikistanda olmuşam, amma heç vaxt Özbəkistanda olmamışam. Onlar həmçinin mənim Azərbaycandakı heç vaxt etmədiyim bəyanatımı da misal gətirirlər.

Rişard Çernetski

Bu, sadəcə olaraq, ovdur. Bu baş verənləri özümə qarşı, Avropa Parlamentində Polşanın maraqları uğrunda mübarizəmə qarşı hücum hesab edirəm. Biz bu regionla əməkdaşlıq etməliyik!” – Rişard Çernetski deyib.

Böyük Britaniya parlamentinin deputatı Kempbell Bannerman isə EU Reporter saytına açıqlamasında deyib ki, onun təmsil olunduğu qrup Azərbaycandakı seçkiləri müşahidə etməkdə narahatlıq doğuran nəsə görmür. “Mən tətbiq olunan bu cəza tədbirindən heyrətə gəlmişəm”-o deyib.

Bannerman Azərbaycandakı seçkilər haqda yüksək fikirdə olduqlarını ifadə edib, onun seçki məntəqələrində çəkilmiş fotosu saytlarda dərc edilib.

Virtualaz.org

Xəbərlər