1943
Bu gün 17 aprel — 11:19

İrəvan küçələrində xaos: küçələrə zirehli texnika çıxarılıb

Bu gün Ermənistanda Serj Sərkisyanın parlament tərəfindən baş nazir seçilməsinə mane olmaq üçün deputat və müxalifət lideri Nikol Paşinyanın başlatdığı etiraz hərəkatı dramatik məcraya daxil olub. virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyanın tərəfdarları bu gün səhərdən yenidən Yerevan küçələrinə çıxıb və parlamentdəki səsverməni əngəlləmək üçün nümayişçilər küçələrdə hərəkəti iflic ediblər.

Paşinyan tərəfdarlarını küçələrə çıxmağa, nəqliyyatın hərəkətini dayandırmağa, dövlət binalarına girib piketlər keçirməyə çağırıb. “Bütün bu hərəkətlər qeyri-zorakı olmalıdır, dinc itaətsizlik xarakteri daşımalıdır, heç kimin əmlakına zərər vurulmamalıdır”, - Paşinyan bildirib.

Müxalifət tərəfdarlarının hökumət binasına doğru hərəkətini dayandırmaq üçün Baqramyan prospektində güclü polis kordonu yaradılıb, xüsusi texnika və zirehli maşınlar küçələrə çıxarılıb.

Ermənistan polisi ötən gün bildirib ki, Paşinyan tərəfindən elan edilən mitinqin keçirilməsinə icazə verilməyəcək və o, tərəfdarlarını bu barədə xəbərdar etməlidir. Polisin bəyanatında bildirilir ki, Paşinyan tərəfindən aprelin 13-dən başladılmış aksiyalar Yerevan küçələrində nəqliyyatın hərəkətinin bilərəkdən dayandırılması, təşkilatların normal fəaliyyətinin əngəllənməsi ilə müşaiyət olunur. Təşkilatçılara 3 gün ərzində edilən şifahi xəbərdarlıqlara əməl edilməyib və bu səbəbdən polis aksiyaları dayandırmaq üçün tədbirlər görməli olacaq.

Lakin Paşinyanın tərəfdarları aksiyaları dayandırmağa hazırlaşmır. Deputat Nikol Paşinyan polisin bu yazılı xəbərdarlığını tərəfdarları qarşısında nümayişkarənə şəkildə cırıb atıb. Onun tərəfdarları Ermənistan Milli Məclisinin deputatlarının evlərini mühasirəyə alaraq deputatların evdən çıxmasını əngəlləməyə, beləliklə də səsverməni pozmağa çalışacaqlar. İstisna deyil ki, gün ərzində polis nümayişçilərə qarşı güc, hətta silah tətbiq edəcək.

Virtualaz.org

Xəbərlər