548
Bu gün 12 yanvar — 16:38

Bakının daha bir küçəsində yeni magistral su kəməri çəkilir

“Azərsu” ASC Bakı sakinlərinin içməli su təminatının daha da yaxşılaşdırılması, fasiləsiz su təchizatı rejiminin təmin olunması istiqamətində layihələrin icrasını davam etdirir.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 2018-ci ilin ilk günlərindən başlayaraq Bakı şəhəri Nəsimi rayonu Məsud Davudoğlu küçəsində yeni magistral su xəttinin tikintisi işləri intensiv şəkildə aparılır. Magistral su kəmərinin tikintisi həmin küçədə yeni yol infrastrukturunun yenilənməsi ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, M. Davudoğlu küçəsində yaşayan sakinlərin su təchizatı 1970-ci illərdə çəkilmiş polad borularla təmin olunurdu. Uzun müddət istifadədə olmuş xətt istismar tələblərinə cavab vermədiyindən tez-tez qəza halları yaranırdı.

Yeni layihə çərçivəsində M. Davudoğlu küçəsindən keçən mövcud magistral xətt yenisi ilə əvəzlənir. Bu məqsədlə 280 mm olan polietilen borularla 1 km uzunluğunda yeni magistral su xətti çəkilir və ətraf küçələrə çıxışlar verilir. Magistral kəmərin tikintisi başa çatdıqdan sonra bütün evlər yeni çəkilmiş xətlərə qoşulacaq və mövcud kəmərin fəaliyyəti dayandırılacaq.

Tikinti işlərinin yaxın günlərdə tam başa çatdırılması nəzərdə tutulur. Yeni xəttin istismara verilməsi ilə bu ərazidə yaşayan əhalinin içməli su təchizatında dayanıqlıq təmin olunacaq.

Xəbərlər