3372
Bu gün 3 dekabr — 10:57

Azərbaycan ordusu cənub istiqamətində təmas xəttini yarır, Ermənistandan köməyə tanklar göndərilir...

Ötən gün Ermənistan işğalçı qüvvələri işğal altında olan Füzuli-Cəbrayıl rayonları ərazisində genişmiqyaslı hərbi təlimlər keçirib. Virtualaz.org xəbər verir ki, Ermənistan prezidenti Serj Sərkisyanın şəxsən izlədiyi hərbi təlimlərə “ilk dəfə” Ermənistan ordusunun bölmələri və qondarma “dqr ordusu”nun qüvvələri birlikdə qatılıb. Üzərində Ermənistan bayraqları qaldırılan tanklar və digər zirehli texnika işğal altındakı Azərbaycan ərazilərində görünüb.

“Birləşmiş” qoşun qruplaşmasının komananı Tiqran Parvanyan bildirib ki, təlimlərin ssenarisinə əsasən düşmən təmas xəttini yarıb keçir və bu zaman birləşmiş qruplaşma onun irəliləməsini dayandırmalı, əks hücuma keçməli və məhv etməlidir. “Təlimlərdə bütün qoşun növləri, bir neçə yüz texnika iştirak edib, birləşmiş qruplaşmanın bu miqyasda təlimləri ilk dəfə keçirilir”-o deyib.

Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi Movses Akopyan da bildirib ki, (“İnterfaks”) təlimlərdə ilk dəfə Ermənistan ordusunun birləşmələri ilə “dqr” hərbçiləri birlikdə iştirak ediblər. Onun sözlərinə görə, təlimlərdə şərti düşmənin “Dağlıq Qarabağ ərazisinə müdaxiləsinə” birgə reaksiyalar sınaqdan keçirilib. 

Azərbaycan ərazilərini işğal altında saxlayan hərbi qüvvələrin məhz Ermənistan ordusundan və Dağlıq Qarabağ ermənilərindən formalaşdırılmış birləşmiş işğalçı qüvvələr olduğu on illərdir beynəlxalq institutlar tərəfindən də təsbit edilmiş faktdır. Bəs o zaman Ermənistan prezidenti Serj Sərkisyan nədən belə görüntü yaratmağa çalışır? Ermənistan ordusunun “ilk dəfə” Dağlıq Qarabağ erməni silahlı birləşmələri ilə birlikdə işğal altındakı ərazilərdə manevrlər keçirməsində məqsəd nədir?

Bu suallara cavab axtarmazdan əvvəl Ermənistan KİV-lərində təlimlərdən yayılmış görüntüləri qısa analiz etməkdə fayda var. Biz bu kadrlara baxanda nə görürük? İşğlaçılar hansı qeyri-adi taktika və ya yeni texnika, silah növləri nümayiş etdiriblər? Axı bu kadrlarda çoxdan köhnəlmiş və Azərbaycanın malik olduğu tank əleyhinə silah sistemləri qarşısında tamamilə müdafiəsiz olan T-72 tanklarından, BMP-2 piyada döyüş maşınlarından və sınıq-salxaq QAZ-53 avtomobillərindən başqa ciddi nəsə gözə dəymir?

Bu “birləşmiş qruplaşma” Azərbaycan silahlı qüvvələrinin il ərzində bir-birinin ardınca keçirdiyi hərbi təlimlərdə nümayiş etdirilən armada ilə müqayisə belə edilə bilməz. “Birləşmiş qruplaşma” heç Azərbaycanın Naxçıvanda cəmləşdirilmiş əlahiddə ümumqoşun ordusunun qüvvələri ilə müqayisəyə gəlmir.

Digər tərəfdən ötən ilin aprelində erməni işğalçı qüvvələrinin təxminən 40 kilometr enində müdafiə xəttini cəmi bir neçə saata silib-süpürəndə həmin mövqeləri əks hücumla geri almaq cəhdi tamamilə iflasa uğramışdı. Erməni ordusu cənub istiqamətində tank hücumu təşkil etməyə çalışsa da Azərbaycan ordusunun “Spike” raketlərinin zərbələri ilə bir gündə 16-ya yaxın tank itirərək itirilmiş mövqelərin geri qaytarılmasının qeyri-mümkünlüyünü anlamışdı. Həmin vaxtdan bu yana nə dəyişib?

Azərbaycan ordusu Rusiyadan “tank qatili” kimi tanınan “Xrizantema-S” idarəolunan raket sistemlərinin iri partiyasını, İsraildən yolsuzluq şəraitində yüksək manevr və sürətli hərəkət qabiliyyətinə malik olan, üzərində “Spike” raketləri daşıyan çoxsaylı “Sandcat” zirehli maşınları əldə edib. Digər tərəfdən Azərbaycan ordusunun hücum vertolyotları çoxdan İsrail istehsalı olan yüksək dəqiqlikli tank əleyhinə raketlərlə təchiz olunub. Hansı ki, bu silahların tətbiqi lap üzərində Ermənistan bayraqları qaldırılsa belə, işağlçı ordunun 80-ci illərdən qalmış zirehli texnikasına heç bir şans buraxmır.

Belə görünür ki, Ermənistan rəhbərliyi Azərbaycan ordusunun dalbadal keçirilən döyüş təlimlərindən ciddi narahatlıq keçirərək bu “birləşmiş qruplaşmanı” cənub-şərq istiqamətinə çıxarıb. Bu, Azərbaycan ordusunun tank hücumu üçün iki ən münasib istiqamətdən biridir. Habelə Serj Sərkisyan belə mesaj verməyə çalışır ki, Azərbaycan hücuma keçsə Ermənistandan köməyə qüvvələr göndərəcək. Lakin Ermənistandan ötən ilin aprelində də Dağlıq Qarabağa əlavə qüvvələrin göndərildiyi məlumdur, internetdə bunun görüntüləri də var. Axı Azərbaycan heç vaxt yaddan çıxarmayıb ki, onun ərazilərini işğal edən Ermənistan ordusu və dolayısı ilə ona dəstək verən məlum dövlətdir.

Fərhad Məmmədov

Virtualaz.org

Xəbərlər