4111
Bu gün 2 oktyabr — 14:34

Prezident gələn ilin anonsunu verdi: maaşlar və pensiyalar artacaq, daha nələr olacaq...

Prezident İlham Əliyev bu gün Qobustan rayonunda sakinlərlə görüşü zamanı gələn il Azərbaycanda sürətli iqtisadi inkişaf olacağını deyib. Virtualaz.org qeyd edir ki, prezidentin ölkədə iki ildir yaşanan iqtisadi geriləmədən sonra Azərbaycanın yenidən sürətli inkişaf mərhələsinə daxil olacağını anons etməsi sadəcə olaraq proqnoz deyil və mövcud iqtisadi situasiyaya, gələn ilin büdcə layihəsinə əsaslanan möhkəm qənaətdir.

Belə ki, Azərbaycanın 2018-ci il üçün dövlət büdcəsinin layihəsi artıq parlamentə təqdim olunub. Layihədə büdcənin xərclər və gəlirlər hissəsinin 4 milyard manatdan çox artımı proqnozlaşdırılır. Bu isə o deməkdir ki, sərt qənaət tədbirlərinin ardınca gələn il dövlət investisiya xərcləri yenidən ciddi ölçüdə artacaq, nəticədə iqtisadiyyatda canlanma yaranacaq. Büdcə layihəsinin detalları məlum deyil, ancaq gözlənilir ki, xüsusən tikinti sektoruna, infrastruktur layihələrinə investisiyaların artırılması orada əksini tapacaq.

Digər tərəfdən neftin hazırkı qiymətləri də gələn il üçün iqtisadi inkişaf perspektivləri barədə optimist qənaətə əsas verir. Xeyli müddətdir ki, neftin bareli 50 dollardan yuxarı satılır, proqnozlara görə bazarda sabitlik davam edəcək, kəskin ucuzlaşma baş verməyəcək. Bu səbəbdən Maliyyə Nazirliyi gələn ilin büdcəsində neftin qiymətinin 45 dollardan götürülməsini nəzərdə tutub. Hazırkı büdcə qiyməti 40 dollardır.

Neftin büdcə qiymətinin 5 dollar baha götürülməsi gəlirlərdə artımı qarantiyalayır. Digər tərəfdən manatın kursu əsasən sabitdir, tədiyyə balansı müsbətdir, ölkənin valyuta ehtiyatlarında artım var və beləliklə də ortamüddətli perspektivlər üçün Azərbaycanın makroiqtisadi göstəricilərinin sabitliyi təmin edilmiş sayıla bilər.

Məlum olduğu kimi manatın iki dəfə devalvasiyaya məruz qalmasından sonra əhalinin real gəlirlərində azalma baş vermişdi və bu qaçılmaz idi. Hökumət makroiqtisadi göstəriciləri sabitləşdirmək üçün sərt qənaət metodunu seçdi və büdcədən maliyyələşən təşkilatlarda maaşların, o cümlədən sosial ödəmələrin artımına getmədi. Bu “kəmərsıxma” siyasətinin alternativi həmin şərtlərdə mövcud deyildi. Çünki əmək haqlarının artımı dövriyyədəki pul küləsini artıraraq milli valyutanın məzənnəsini sabitləşdirmək səylərinə zərbə vuracaqdı.

İndi isə makroiqtisadi göstəricilərin yenidən yaxşılaşması hökumətə imkan verəcək ki, nəhayət maaş və sosial ödəmələrdə illik inflyasiyanı nəzərə alaraq artıma getsin. Böyük ehtimalla gələn ilin büdcəsində əmək haqlarının və sosial ödəmələrin artırılması üçün vəsait nəzərdə tutulacaq. Lakin gözləniləndir ki, hökumət yenə də ehtiyatlı davranacaq, bu artım çox da böyük olmayacaq. İqtisadçılar təxminən 10 faizlik artım proqnozlaşdırır. Əmək haqlarının artması əhalinin alıcılıq qabiliyyətinin yenidən artması və beləliklə də iqtisadi canlanmaya təkan verməsi üçün iqtisadi alətlərdən biridir.

Gözlənilir ki, hökumətin gələn ilin büdcəsində iqtisadi artımla bağlı proqnozu azı 4-5 faiz təşkil edəcək. Bu, neftin kəskin ucuzlaşmasından sonra Azərbaycanda son 20 ildə baş vermiş ilk iqtisadi geriləmələrin ardınca ölkə iqtisadiyyatının yenidən davamlı inkişaf mərhələsinə daxil olmasına imkan verəcək. Və ən mühümü odur ki, bu artım əsasən iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft iqtisadiyyatının sürətli inkişafı hesabına baş verəcək.

Virtualaz.org

Xəbərlər