200
Bu gün 13 sentyabr — 17:20

Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri Bakıya gəlir

Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dunkan Azərbaycana gəlir.

Bu barədə virtualaz.org-a Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Alan Dunkan sabah Bakıda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun 2050-ci ilədək işlənilməsinə dair müqavilənin imzalanması mərasimində iştirak edəcək.

2016-cı il dekabrın 23-də SOCAR və BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) AÇG-nin 2050-ci ilədək işlənməsinə dair razılaşmanın prinsiplərini imzalayıblar. Tərəflər həmçinin yataqlar blokunun 2050-ci ilədək işlənməsi üçün niyyət məktubu imzalayıblar.

Razılaşma AÇG-yə irihəcmli sərmayələrə və blokun işlənməsinin davam etdirilməsinə yol açacaq. Hazırda AÇG-də gündəlik neft hasilatı təxminən 620 min barreldir. Tərəfdaşlıq üzrə işləri BP idarə edəcək.

Xatırladaq ki, AÇG Bakıdan şərqdə təxminən 100 km məsafədə yerləşən nəhəng yataqlar blokudur. O, Xəzər dənizində istismarda olan ən böyük neft yatağıdır və 432 kv. km-dən çox ərazini əhatə edir. Yataqlar dənizin 120-170 metr dərinliyində yerləşir. Məhsuldar layın dərinliyi 2 000-3 500 metr təşkil edir.

AÇG blokunun işlənməsi üçün mövcud PSA 1994-cü il sentyabrın 20-də 30 illik müddətə imzalanıb. 1995-ci ilin fevralında ABƏŞ yaradılıb. Yataqlardan neft hasilatı 1997-ci ilin noyabr ayında başlanıb.

AÇG-də BP (operator - 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "Inpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "Itochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%) şirkətləri iştirak edir.

Onu da qeyd edək ki, Türkiyə tərəfindən bu tədbirdə enerji naziri Berat Albayrak iştirak edəcək.

Xəbərlər