2769
Bu gün 13 sentyabr — 15:47

General Rüstəm Muradov İŞİD-i necə darmadağın edir

Suriyada Bəşər Əsəd qüvvələri mühasirədən azad edilmiş Deyr-əz-Zor şəhərində İŞİD dəstələrini sıxışdırmaqda davam edir.

Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, briqada generalı Əl-Həsən Suheylin başçılıq etdiyi qüvvələr daha bir istiqamətdən mühasirəni yararaq Fərat çayı sahilinə çıxıblar. Hazırda şəhərin İŞİD-çilərdən təmizlənməsi əməliyyatı gedir. İŞİD-in şiddətli əks-hücumlarına, intensiv şəkildə terrorçu-kamikadzelərdən istifadə etməsinə baxmayaraq Rusiyanın güclü dəstəyi sayəsində Əsəd qüvvələri Deyr-əz-Zor şəhərinin şimal və cənub kvartallarını nəzarət altına alıblar.

Rusiya silahlı qüvvələrinin xüsusi təyinatlı qüvvələri isə Fərat çayının sol sahilində döyüşlər aparır, habelə artilleriya atəşini korrektə edir və aviasiyanın vuracağı hədəflərin koordinatlarını verir.

Amerikanın dəstəklədiyi , əsasən kürdlərdən ibarət Suriya Demokratik Qüvvələri də Deyr-əz-Zora Fərat çayının sol sahili istiqamətindən hücum edirlər. Bildirilir ki, Rusiya hərbçiləri amerikalıları şəhərin ətrafındakı 30 kilometrlik zonanın uçuşa qadağan zonası olduğu haqda xəbərdarlıq ediblər. Habelə onlar Fərat çayının sol sahilindən 30 kilometrlik zolaq ayıraraq onu İraqın şimal sərhədlərinə qədər uzadıblar və xəbərdarlıq ediblər ki, həmin zolaqda Amerika hərbçiləri ilə onların dəstəklədiyi qüvvələrin fəaliyyəti yolverilməzdir. Suriya Demokratik Qüvvələrinin dəstələri bu xəbərdarlığa baxmayaraq irəliləməyə cəhd edib və xəbərdarlıq atəşi ilə qarşılaşaraq mövqelərinə geri qayıdıb.

Habelə Bəşər Əsəd qüvvələri İŞİD-in əsas bazalarından olan Akerbat şəhərini ələ keçirmək üzrədir. Bu şəhərdə yeraltı tunellər və bunkerlər şəbəkəsi var, bildirilir ki, terrorçular həmin yeraltı bunkerlərdə silah-sursat, yanacaq, ərzaq və digər ehtiyatlar cəmləşdiriblər. Əgər şəhər ələ keçirilsə İŞİD-in əsas təchizat kanallarından biri kəsiləcək.

Gazeta.ru qeyd edir ki, Suriyada baş verənlər haqda danışanda hökumət qüvvələrinin Rusiya Hava-Kosmik Qüvvələrinin dəstəyi ilə irəlilədiyi, bu və ya digər yaşayış məntəqəsini azad etdiyi haqda danışılır. Əslində isə həmin hücum əməliyyatını planlaşdıranlar və ona komandanlıq edənlər Rusiya silahlı qüvvələrinin Baş qərargahı, bilavasitə döyüş əməliyyatı zonasında olan rusiyalı generallar və zabitlərdir.

Belə ki, Deyr-əz-Zor şəhərinin mühasirəsinin yarılmasına general-mayor Rüstəm Muradov komandanlıq edir. Suriyaya ezam edilməzdən əvvəl general Muradov Rusiya ümumqoşun ordu birləşmələrindən birinin qərargah rəisi olub. General Rüstəm Muradovun komandanlıq etdiyi qüvvələr iki həftə ərzində Əs-Suhna şəhərindən Deyr-əz-Zora qədər irəliləyib, İŞİD-in qızğın müqavimətini dəf edib. Sutka ərzində general Muradovun komandanlıq etdiyi birləşmələr 15-20, bəzən 30 kilometr irəliləyiblər.

Şimal istiqamətdən şəhəri general Suheylin dəstələri daxil olduğu deyilsə də əslində həmin istiqamətdə hücum əməliyyatlarına general-mayor Andrey İvanayev komandanlıq edib. Suriyaya ezam edilməzdən əvvəl general İvanayev Rusiya ümumqoşun ordu birləşmələrindən birinin komandan müavini olub. Bildirilir ki, hər iki general Deyr-əz-Zor döyüşlərində parlaq komandanlıq qabiliyyətlərini nümayiş etdiriblər. Rusiyanın Suriyadakı qoşun qruplaşmasının komandanı general Segey Surovkinin rəhbərliyi altında generallar Muradov və İvanayev şəhərin mühasirədən azad edilməsi əməliyyatını işləyib hazırlayıblar.

Muradov və İvanayev hücum əməliyyatlarına nəinki öz komanda məntəqələrindən rəhbərlik ediblər, eyni zamanda şəxsən döyüş əməliyyatlarına qatılaraq tabeçiliklərində olanlara şəxsi nümunə göstəriblər. Bildirilir ki, Suriyada bütün digər qalan istiqamətlərdə də hücum əməliyyatlarına Rusiya generalları komandanlıq edir. Suriya ordusunun hər batalyonunda Rusiya zabiti var. Məhz bu amil Suriya hərbi əməliyyatlar teatrında vəziyyəti Əsədin xeyrinə dəyişməyə imkan verib.

Rüstəm Muradov Rusiya ordusunun kifayət qədər məşhur generalıdır, Dağıstanda anadan olub. Hər iki Çeçenistan hərbi kampaniyasında iştirak edib, çoxsaylı orden-medallarla təltif olunub. 36-cı əlahiddə motoatıcı briqadasının komandanı, Yelansk təlim mərkəzinin rəisi kimi hərbi vəzifələrdə işləyib. General Muradov Donbasda gedən hərbi əməliyyatlar zamanı atəşkəsə əməl edilməsinə nəzarət edən monitorinq qrupunun Rusiya tərəfdən üzvü idi və dəfələrlə hərbi əməliyyatlar zonasında olub. Belə monitorinqlərdən biri zamanı generalın olduğu qrup atəş altına düşüb, ancaq xəsarət alan olmayıb. Əslində isə Ukrayna kəşfiyyatının məlumatlarına görə general Muradov Donbassda separatçıların qüvvələrinə komandanlıq edirdi, daha sonra onun adı ATƏT-in monitorinq qrupunun tərkibinə daxil edilib. Donbass əməliyyatlarından sonra general Muradov Rusiya ordusunun Şərq hərbi dairəsinin qərargah rəisi təyin edilib.

Xəbərlər