2233
Aktual 19 iyun — 14:20

Arslanın vədi baş tutmadı, bəs Qurbanov nə dedi...

İyulun 5-də Qarsda Azərbaycan, Türkiyə və Gürcüstan dəmir yollarının rəhbərləri Bakı-Tiflis-Qars dəmir yol xətti layihəsinin həyata keçirilməsinə dair işlərin vəziyyətini müzakirə etmək üçün görüşəcəklər.

Virtualaz.org xəbər verir ki, bunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları” ASC-nin sədri Cavid Qurbanov deyib.

Cavid Qurbanovun sözlərinə görə, tərəflər layihənin reallaşması ilə bağlı situasiyanı və işlərin vəziyyətini dəyərləndirəcəklər. “Görüşün yekunları əsasında Bakı-Tiflis-Qars dəmir yolunun nə zaman işə salınacağı barədə danışmaq olar. Gözlənilir ki, layihə bu il işə düşəcək”-o əlavə edib.

“Azərbaycan Dəmir Yolları” ASC-nin bu açıqlaması Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsinə dair bundan əvvəl elan edilmiş qrafikdə gecikmənin yarandığını təsdiq edir. Çünki bu ilin aprelində Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Əhməd Arslan jurnalistlərə bildirmişdi ki, dəmir yolunun açılması iyun ayına planlaşdırılır. İndi isə iyun ayı başa çatmaq üzrədir, Cavid Qurbanov isə deyir ki, tərəflər iyulun əvvəllərində görüşüb işlərin vəziyyətini müzakirə edəcəklər və yalnız bundan sonra dəmir yolunun nə zaman açılacağına dair yeni qrafik barədə danışmaq mümkün olacaq.

Əhməd Arslan bildirmişdi ki, qış aylarında havaların qarlı, şaxtalı keçməsi tikinti işlərini ləngidib. Lakin apreldə havaların isinməsindən etibarən işlər sürətləndirilib və bütün tikinti işlərinin iyun ayında başa çatdırılması nəzərdə tutulur.

“İki ay ərzində inşaat işlərini başa çatdırıb ondan sonrakı iki aylıq müddətdə sınaq işləri həyata keçirəcəyik, iyun ayında artıq Bakı-Tiflis-Qars dəmiryolunda dizel lokomotivlərini işə salmağa hazırlaşırıq”-nazir apreldə deyib.

Azərbaycan prezidenti İlham Əliyev ötən ay çıxışlarından birində Türkiyə tərəfinin həmin vədini xatırladıb və bildirib ki, Bakı-Tiflis-Qars dəmir yolunun tezliklə açılması gözlənilir. Və maraqlıdır ki, iyunun əvvəllərində Türkiyə KİV-ləri Əhməd Arslanın dəmir yolunun uyun ayında istifadəyə veriləcəyinə dair növbəti açıqlamasını yaymışdı. Lakin həmin dizel lokomotivindən hələ xəbər yoxdur və ümumiyyətlə layihənin bu il ərzində başa çatdırılacağına dair əminlik ifadə etmək çətindir.

Bakı-Tiflis-Qars dəmir yolunun bünövrəsi təxminən 10 il əvvəl-2007-ci ilin noyabrında qoyulub. Layihənin başa çatdırılacağı tarix kimi 2011-ci il göstərilmişdi. Lakin həmin vaxtdan bu müddət hər dəfə təxirə salınır. Gürcüstan ərazisində işlər ləngimə ilə də olsa nəhayət başa çatıb, Türkiyə ərazisində isə işlər ləng gedir.

Virtualaz.org

Xəbərlər