3041
Aktual 19 iyun — 11:37

Təhlükəli və müəmmalı hadisələr: İranla müharibə başlayacaq?

ABŞ qüvvələri ötən ay Suriyada İran tərəfindən dəstəklənən qüvvələrə üç dəfə zərbə endirib və bəzi müşahidəçilərin fikrincə, artmaqda olan bu gərginlik "planlaşdırılmayan" münaqişəyə yol aça bilər. Bu haqda “The Guardian” yazır.

Məqalədə deyilir ki, sözü gedən üç hadisə Suriya, İraq və İordaniya sərhədlərinin birləşdiyi əl-Tənf məntəqəsi yaxınlığında baş verib. Burada 150-dək Amerika əsgəri İŞİD-ə qarşı döyüşən yerli qüvvələrə təlim verir. Əsəd rejimini müdafiə edən yaraqlılar ABŞ qüvvələrinin zərbəsinə məhz bu məntəqəyə yaxınlaşdıqda məruz qalıblar.

Zərbəyə məruz qalan qüvvə əsasən Suriya və İraq şiələrinin qarışığından ibarət idi. Ola da bilər ki, bu qüvvənin tərkibində İran İnqilab Keşikçilərinin komandirləri də olub. Qəzet yazır ki, inqilab keşikçiləri "öz barmaq izlərini itirməyə çox da cəhd göstərmirlər". Amerika zərbəsinin endiyi yerə Qüds korpusunun komandanı Qasem Süleymaninin özü gəlib və hətta bu burada şəkil də çəkdirib.

Beləliklə, şərqi Suriya ABŞ və İran qüvvələrinin getdikcə daha tez-tez toqquşduğu əraziyə çevrilir. Elə Yəməndə və Hörmüz boğazı rayonunda da ABŞ və İran qarşı duran tərəflərdədir. Ötən çərşənbə günü İranın hərbi gəmisi boğazdan keçən ABŞ donanmasının 730 metrliyinə yaxınlaşıb, üstəlik Amerika gəmisinə projektor salıb və lazer tuşlayıcısını gəmidəki helikopterə yönəldib. ABŞ rəsmiləri bu hərəkəti "qeyri-peşəkar və təhlükəli" adlandırıblar.

Dar Hörmüz boğazında belə qarşıdurmalar yeni bir hal deyil, lakin onların məzmunu indi yeni məna kəsb edib. Hazırda ABŞ-da xaotik, lakin İrana münasibətdə sərt administrasiya var.Üstəlik Obamanın vaxtında Vashington və Tehran arasında yüksək səviyyədə qurulmuş kommunikasiya xətti bağlanıb.Donald Trampın ritorikası anti-İran xarakteri daşıyır. O özünün ilk xarici səfərini Səudiyyə Ərəbistanına etməklə Tehranla düşmənçiliyini nümayiş etdirib.

Tramp, Tehranın təsirini, İŞİD və “Əl-Qaeda” ilə birlikdə qlobal təhlükə adlandırıb. Hətta iyunun 7-də Tehranın özü terror basqınına məruz qalanda da Tramp yenə də İranı ittiham edib.

Milli İran-Amerika Şurasının başçısı Trita Parsi "Düşməni itirmək: Obama, İran və diplomatiyanın təntənəsi" kitabının müəllifidir. O deyir ki, Tramp Səudiyyəyə səfər edib orada İranın tamamilə təcrid ediləcəyini bəyan etməklə Tehranla hər hansı dialoqun pəncərəsini bağlamış olub. Parsi bu qənaətdədir ki, Tramp İranla eskalasiyanı bilərəkdən artırır. O, seçki kampaniyasında vəd etdiyi kimi İranla nüvə sazişini "cırıb tullamasa" da, Tehranın üzərinə hücumlarını dayandırmayıb, respublikaçıların çoxluq təşkil etdiyi Konqres isə İrana qarşı yeni sanksiyaların qəbuluna çalışıb.

İranla nüvə sazişinin imzalanmasında əhəmiyyətli rol oynamış şəxs - Obama administrasiyasının vəzifəli rəsmisi Robert Malley deyib ki, bu saat dünyada ən təhlükəli üç yer var: "Şərqi Suriya ilə Qərbi İraq arasındakı sərhəd, Yəmən və bir də ABŞ Konqresinin iclas zalları". Malley deyib ki, hələlik iranlılar bütün bu təzyiqləri büruzə verməməyə, görməməziliyə vurmağa çalışırlar, amma bir gün ali rəhbərin də səbir kasası daşa bilər.

Tramp administrasiyası bildirir ki, hazırda İran siyasətinin işlənib hazırlanması gedir, lakin dövlət katibi Reks Tillerson ötən həftə Senatdakı çıxışında tamam başqa cür danışıb. O deyib ki, ABŞ İranın içindəki qüvvələrlə işləyib orada dinc hakimiyyət dəyişikliyinə nail olmalıdır. Bu, Trampın “başqa ölkələrin daxili işlərinə qarışmamaq” barədə təntənəli vədləri ilə daban-dabana ziddir.

Tillerson "dinc" sözünü işlətsə də, bu sözlər iranlıların qulağında Buş zəmanəsinin ritorikası kimi səslənir. Amma hər halda İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif zarafatından qalmayıb. O Tvitter postunda yazır ki, Tramp İranda hakimiyyət dəyişikliyinin fikrini çəkincə, öz postunu qorumağın qeydinə qalsa yaxşıdır.

"The Guardian" yazır ki, Qəzetin yazdığına görəABŞ-ın Avropadakı müttəfiqlərində də Trampın İrana dair təhlükəli addımlarına görə narahatlıq artmaqdadır. Narahatlıq bundandır ki, Tramp administrasiyası üzərinə Rusiya təhqiqatı ilə bağlı təzyiq artdıqca, administrasiyanın da İrana münasibəti təhlükəli şəkil ala bilər.

Bununla belə, artmaqda olan gərginliyin heç də hamısı üçün Tramp məsuliyyət daşımır. Suriya və İraqda formalaşan hərb meydanı İran və ABŞ-ı getdikcə daha çox toqquşmaya tərəf itələyir. Hələlik gərginliyi buxovlayan - vahid düşmənin, İŞİD-in ortalıqda olmasıdır, lakin İŞİD məğlub edildikdən sonra bu buxovlayıcı element də yox olacaq.

ABŞ-ın keçmiş müdafiə rəsmilərindən Ilan Goldenberg deyir ki, hələlik İranın və ABŞ-ın dəstəklədiyi qüvvələr bir-birlərinə qarşı müəyyən dözüm nümayiş etdirirlər. Lakin İŞİD-dən sonra bu dözümlülük də başa çata bilər. Qəzet qeyd edir ki, ABŞ-ın cənub-şərqi Suriya səhrasında İŞİD-ə qarşı yeni cəbhə açmaq qərarı İranın maraqları ilə birbaşa toqquşur. Tehran Dəməşqdən Livana dəhliz açmaq istəyir və xəritədə bu dəhliz ABŞ qüvvələrinin olduğu əl-Tənfdən keçir.

Virtualaz.org

Xəbərlər