2374
Aktual 17 may — 16:30

“Putin zəng vurdu, dedi təzə ideyalarım var, Lavrovu qəbul edərsənmi...”

ABŞ prezidenti Donald Trampın Rusiya ilə mümkün gizli əlaqələrinə dair qalmaqal az qala hər gün daha da böyüyür. Ötən həftə Trampın Rusiya xarici işlər naziri Segey Lavrovu (onu müşaiyət edən TASS fotoreportyoru ilə birlikdə , amerikalı jurnalistlər Oval ofisə buraxılmadığı halda) və Vaşinqtondakı səfir Sergey Kislyakı qəbul etməsi, tərəflərin nə barədəsə danışaraq bərkdən güldüklərini əks etdirən fotonun dərhal TASS-da yayılması odun üstünə benzin tökmüş olub.

Üstəlik üzə çıxıb ki, Tramp görüşdə Lavrova ABŞ-ın Yaxın Şərqdəki “mühüm müttəfiqindən”-İsraildən əldə edilən və İŞİD-in təyyarələrdə terror planlaşdırmasından bəhs edən məxfi məlumatı da çatdırıb. İndi keçmiş və indiki kəşfiyyat mənsubları, diplomatlar Trampın prezident kimi səlahiyyəti olsa belə həmin məlumatı ruslara çatdırmasını  olduqca narahatlıq doğuran hal kimi dəyərləndirirlər. ABŞ mediası isə durmadan Trampın ölkənin milli təhlükəsizliyinə zərər vurduğu haqda yazır.

Məxfi məlumatla bağlı qalmaqal bir yana qalsın, Trampın özünün Lavrovu və Vaşinqtondakı səfir Kislyakı belə mehribanlıqla qarşılaması onun Rusiya ilə əlaqələrinə dair şübhələri daha da böyüdüb. Axı Tramp bu görüşə necə razılıq verib, bir halda ki, həmin Kislyakla telefon təmaslarına görə onun yeni təyin etdiyi milli təhlükəsizlik müşaviri , general Maykl  Flinn istefaya getməyə məcbur olmuşdu və barəsində hələ də təhqiqat getməkdədir.

Yaxud Trampın Lavrovun Vaşinqtona səfərinə cəmi bir neçə saat qalmış onun Rusiya ilə əlaqələrini araşdıran FTB direktorunu qəfil işdən qovmasını necə izah edəsən? Axı bu da şübhələri gücləndirən hadisədir.

“The Washington Post” qəzetinin yazdığına görə Lavrovu qəbul etməyi Trampdan Putin özü xahiş etmişdi. Mayın 2-də Putin Trampa zəng vurub. Ağ Evdəki yüksək rütbəli mənbənin bildirdiyinə görə, Putin Trampa deyib: “Mənim Suriyada qan axıdılmasını dayandırmaqla bağlı yeni ideyalarım var. Lavrov tezliklə ABŞ-a gedəcək, onu qəbul edərsənmi?”. Tramp “Bəli” cavabı verib.

Görüş mayın 10-da səhər saatlarında baş tutub. Ağ Ev görüşün olacağını mətbuatdan gizlətmək üçün maksimum səy göstərib. Mayın 9-da, günün ikinci yarısında Tramp qərarlaşdırıb ki, FTB direktoru Ceyms Komini işdən çıxarsın. Həmin vaxt onun Lavrovla görüşünün saatı artıq planlaşdırılmışdı, görüşə razılıq verilmişdi. Trampın müşavirləri Ceyms Kominin məhz bu ərəfədə işdən çıxarılmasının siyasi baxımdan yaxşı nəticə verməyəcəyini nəzərə alıblar, ancaq Lavrovla görüşün təxirə salınmasını da düzgün saymayıblar.

Razılaşmaya görə görüşü hər tərəfdən yalnız bir rəsmi fotoqraf çəkməliydi. Və Lavrov TASS-ın fotoqrafını özünün rəsmi fotoqrafı kimi Ağ Evə keçirib. Və razılaşmanın əksinə olaraq həmin qalmaqallı foto görüşdən cəmi bir neçə dəqiqə sonra TASS-ın lentində görünüb.

Məxfi məlumata gəldikdə isə Trampın müşavirləri ona görüşdən əvvəl müşaiyətedici memorandumla birlikdə informasiya materialları vermişdilər. Lakin həmin məlumatın Lavrova çatdırılması nəzərdə tutulmamışdı.

Tramp-Lavrov görüşü ətrafında qalmaqalın bu cür qızışdığı bir vaxtda Rusiya prezidenti Vladimir Putin məsələni istehzayla şərh edib. Bildirib ki, ABŞ-da “siyasi şizofreniya” inkişaf edir və ölkədə vəziyyəti “ya kütbeyin, ya natəmiz adamlar” antirusiya şüarları ilə çalxalayır.

“Yeri gəlmişkən, mən bu gün Lavrovla danışdım, ona töhmət elan etməli olacağam. Çünki o, həmin sirləri bizimlə bölüşməyib. Nə mənimlə, nə Rusiya xüsusi xidmət orqanları ilə. Bu, onun tərəfindən çox pis hərəkətdir”-Putin istehzayla bildirib. Rusiya prezidenti əlavə edib ki, Trampın Lavrovla görüşnünün lent yazısını Senata təqdim etməyə hazırdır. Əgər ABŞ administrasiyası buna razılıq verərsə.

Almaniyanın “Focus” jurnalı isə ABŞ üzrə ekspert Kristofer Hake ilə Tramp ətrafında qızışmaqda olan qalmaqalı şərh edib. Ekspert deyib ki, qanunla səlahiyyəti olsa da Trampın müttəfiqlərdən aldığı məxfi məlumatı ruslara ötürməsi ciddi problem yaradacaq.

“Xüsusi xidmətlər onsuz da Trampa inanmır, onu məxfi məlumatlarla tam təmin etmir. Situasiya bu planda daha da mürəkkəbləşəcək. Bu adam özünü nə etik, nə siyasi planda təmkinli apara bilmir. Benəlxalq ictimaiyyət onu ciddi qəbul etmir. Dünyada partlayış riskli vəziyyət yaranıb”-almaniyalı ekspert deyib.

Hakenin fikrincə bununla belə Trampı yaxın vaxtlarda impiçment gözləmir. Çünki Konqres belə qərar versə də Senat üzvlərinin üçdə ikisi səs verməsə Trampı vəzifədən kənarlaşdırmaq mümkün deyil. Ona görə də Respublikaçılar partiyasında nəsə baş verməlidir, partiyanın indiyədək susan “qoca qurdları”  Trampın hakimiyyətdən uzaqlaşdırılması planı üzərində çoxdan işləyirlər.

“Bu adam ABŞ-ı dünyanın gözündə gülünc duruma salıb. Necə deyərlər, heç vaxt “heç vaxt” demə. ABŞ Konstitusiyasının 25-ci maddəsində göstərilir ki, prezident fiziki və ya psixi baxımdan ölkəni idarə etmək imkanında olmasa, bu faktı administrasiya və vitse-prezident də təsdiq edərsə ölkənin prezidenti Maykl Pens (vitse-prezident) olacaq. Əgər hərbçilərin və siyasətçilərin bu plan üzərində işlədiyi məlum olsa mən buna təəcüblənmərəm”-ekspert deyib.

Kristofer Hake hesab edir ki, Tramp ABŞ-ın milli təhlükəsizliyi üçün təhdiddir. Onun fikrincə, Ağ Evdə xaos hökm sürür, Tramp başa düşür ki, sistem ona qarşı işləyir və o, getdikcə daha çox tənhalaşır. Belə vəziyyətdə onun hakimiyyəti çox çəkə bilməz.

F.Məmmədov

Virtualaz.org

Xəbərlər