2575
Aktual 12 may — 10:38

Fərhad Əhmədovun keçmiş arvadının ərinə xəyanətləri, gənc sevgililəri və...

Xəbər verdiyimiz  kimi ötən gün axşam Britaniya KİV-lərinə London məhkəməsinin “Qafqaz əsilli” milyarderin keçmiş arvadının iddiası əsasında çıxardığı qərar sızdırılıb. Həmin qərara əsasən məhkəmə milyarderin 1.3 milyard dollarlıq sərvətinin təxminən yarısının-450 milyon funt sterlinqin onun keçmiş arvadına boşanma təzminatı kimi verilməsini qərarlaşdırıb. BBC bildirirdi ki, məhkəmə tərəflərin adlarının açıqlanmasına qadağa qoyub, lakin Rusiya KİV-ləri çox keçmədən həmin milyarderin Federasiya Şurasının keçmiş üzvü, məşhur azərbaycanlı milyarder Fərhad Əhmədov olduğu barədə yazıblar.

Bəs Fərhad Əhmədovla keçmiş arvadı arasında boşanma nə zaman baş verib, bu iş London məhkəməsinə necə gedib çıxıb və boşanmanın səbəbləri nə olub?

Virtualaz.org  bu suallara cavab verən sensasion məxfi sənəd-Fərhad Əliyevin vəkillərinin London məhkəməsinə bu ilin yanvarında göndərdiyi məxfi bəyanatı əldə edib. Həmin bəyanatdan məlum olur ki, əslində London məhkəməsi qərarı ötən ilin dekabrında çıxarıb. Lakin qərar indi mətbuata sızdırılıb.

Bəyanatda deyilir ki, London məhkəməsinin Fərhad Əhmədovun keçmiş arvadı Tatyana Əhmədovaya rekord məbləğdə-450 milyon funt (600 milyon dollara yaxın) boşanma təzminatı verilməsinə dair qərarı məxfi şəkildə çıxarılıb. Bə bu qərar təəcüblü olmaqdan daha ötədir. Çünki cütlük hələ 17 il əvvəl Rusiyada bu ölkə qanunları əsasında rəsmən boşanıblar. Boşanma isə Tatyana Əhmədovanın ərinə dəfələrlə xəyanət etdiyini etiraf etməsidən sonra baş verib. Qadın etiraf edib ki, ona Londonda lüks həyat təmin edən ərini dəfələrlə məşuqları ilə aldadıb, pozğun həyat tərzi keçirib və hətta oğlanları evdə ola-ola öz məşuqlarını ərinin yataq otağına salıb.

Bildirilir ki, Tatyana Əhmədovanın vəkillərinin xahişi ilə məhkəmə təzminat iddiasına qapalı rejimdə baxıb, qərar isə bir müddət məxfi saxlanılıb. Məhkəmənin qərarında deyilir ki, təzminat kimi ödənilməli olan məbləğin yarısı “evdar qadın Tatyana Əhmədovanın” gündəlik ehtiyacları əsasənda hesablanıb. Hansı ki, cənab Əhmədov ona xəyanət etmiş keçmiş arvadına boşanmadan sonra Londonun Ueybric kvartalının elit Sent-Corc rayonunda 20 milyon funt sterlinq dəyərində olan malikanə bağışlayıb. Boşanandan sonra onun qlamur həyat tərzini maliyyələşdirməkdə davam edib, keçmiş arvadına ildə milyonlarla dollar xərclik verib. Bu milyonlar sayəsində qadın Londonda kraliçalar kimi yaşayıb, evdə qulluqçular, sürücü, bağbanlar və s. saxlayıb. Hansı ki, bu, zəngin ərin boşadığı arvadların heç xəyalına da gətirə bilməyəcəyi xeyirxahlıqlar idi.

 Məhkəmə habelə qərara alıb ki, Bakını 15 yaşında, cibində cəmi 48 rublla tərk etmiş Fərhad Əhmədov indi keçmiş arvadına Londonda dəyəri 40 milyon funt olan ikinci evi də verməlidir. Üstəlik Fransanın Riveyra şəhərində daşınmaz əmlakın alınması üçün keçmiş arvadına 28 milyon funt ödəməlidir. Əlavə olaraq isə biznesmen keçmiş arvadına ömrünün sonuna qədər ildə 5 milyon funt ödəməlidir.

Bu da hələ son deyil. London məhkəməsi hesab edir ki, indiyədək keçmiş arvadına çoxsaylı elit avtomobillər, o cümlədən “Maybach” və “McLaren” almış azərbaycanlı biznesmen dəyəri 1.5 milyon funt olan “Aston Martin V” avtomobilini də ona verməlidir. Həmin avtomobili biznesmen Tatyana Əhmədovadan olan iki oğlundan birinə bağışlayıb.

Habelə məhkəmə biznesmenin şəxsi antikvariat kolleksiyasından olduqca qiymətli “Holland andHolland” tüfəngini, on milyonlarla funt dəyəri olan digər əntiq əşyaları verməlidir.

Cənab Əhmədov isə hesab edir ki, London məhkəməsi onun 17 il əvvəl ayrıldığı keçmiş arvadı ilə boşanma məsələsinə baxmaq üçün yuridiksiyaya malik deyildi. Çünki Tatyana Əhmədova həm də Rusiya vətəndaşıdır və həmin nigah 2000-ci ildə Rusiyada pozulub. Biznesmenin mövqeyi belədir ki, ingilis hüquq sistemi keçmiş arvadı tərəfindən onun sərvətinin yarısını ələ keçirmək üçün istifadə olunur və qadın bu məqsədlə vəkillərə  böyük məbləğlər xərcləyərək məhkəmə çəkişməsinə girib. Biznesmen London məhkəməsinin qərarına əməl edilməyəcəyinə işarə edir.

Əhmədova habelə hiddətlənib ki, məhkəmə onun iştirakı olmadan vəkili ilə aralarındakı vəkillik sirlərinin saxlanılması üstünlüyünü ləğv edib. Bununla da Əhmədov öz vəkili ilə mühüm maliyyə məsələlərini müzakirə edə bilməyib.

Bəyanatda bildirilir ki, İngiltərədə bu məhkəmə çəkişməsi Fərhad Əhmədovun keçmiş arvadı tərəfindən boşanmadan düz 12 il sonra başladılıb. Belə ki, 2012-ci ilin dekabrında Fərhad Əhmədov ona məxsus effektiv“Nortqaz” şirkətini sataraq 1.3 milyard dollar əldə edib. Həmin pullar F.Əhmədovun hesabına köçürülən kimi keçmiş arvadı hərəkətə keçib və London məhkəməsində təzminat iddiası qaldırıb.

Məlumdur ki, London çoxdan zəngin cütlüklərin boşanma məkanı hesab olunur. Lakin hüquq ekspertləri hesab edirlər ki, Əhmədova qarşı çıxarılan qərarın bir çox məqamları narahatlıq doğurur. Çünki həmin qərar xarici ölkə vətəndaşları olan zəngin cütlüklərin Londonda yaşaması ilə bağlı risklər yaradır. Əhmədovun maraqlarını təmin edən hüquqşünaslar London məhkəməsinin bu qərarının təzminatın məbləğindən asılı olmayaraq yerinə yetirilməsinin mümkün olmadığını vurğulayırlar.

 Böyük Britaniyanın hazırda qüvvədə olan ailə hüququna görə əgər cütlük bu ölkə ərazisində ən azə 6 ay yaşayıbsa və ya ölkə ilə ilə “kifayət qədər” bağları varsa boşanma təzminatına dair məhkəməyə iddia verə bilərlər. Bu zaman cütlüyün öz sərvətlərini hansı ölkədə qazanmasının heç bir önəmi olmur. Hətta nigah xarici məhkəmə tərəfindən pozulubsa belə London məhkəməsinə təzminat iddiası qaldırmaq olar.

Fərhad Əhmədovla Rusiya vətəndaşı Tatyana Əhmədova 1993-cü ildə evləniblər. Rusiyada xaosun hökm sürdüyü həmin illərdə onlar Londonda özlərinə ev almaq qərarına gəliblər. Çünki London o zaman təzə varlanmağa başlayan keçmiş sovet oliqarxları üçün ən təhlükəsiz şəhər idi. Cütlüyün ilk övladı 1993-cü ildə Londonda dünyaya gəlib. Üç il sonra isə onların ikinci oğulları olub.

Fərhad Əhmədov Rusiyada o vaxtlar kifayət qədər təhlükəli olsa da biznes qurub, “Nortqaz” şirkətinin kiçik səhm paketini alıb. Bu şirkətə şəxsi kapitalını yatırıb və sonradan “Nortqaz”ın Rusiyanın ən effektiv, maya dəyəri ən aşağı qaz hasil edən şirkətinə çevirib. Tədricən şirkətdəki payını artırıb.

Həmin vaxtlar isə Fərhad Əhmədovun arvadı Londonda dəbdəbəli, ekstravaqant həyat tərzi keçirməkdəydi. O, Britaniya vətəndaşlığı alır, ancaq Rusiya pasportundan da imtina etmir. F.Əhmədovun isə başı Sibirdə çətin şəraitdə, 50 dərəcə şaxtada qaz hasilatına qarışmışdı, nəticədə o, ailəsinin yanında az-az olurdu, cəmi bir neçə gün qalıb qayıdırdı. Tatyana Əhmədova isə ərinin biznesinə qəti maraq göstərmirdi və Rusiyaya qayıdıb onu dəstəkləmək istəmirdi.

Nəhayət 2000-ci ildə Tatyana Əhmədova etiraf edir ki, sevgilisi var və F.Əhmədov ondan boşanmaq üçün Moskva məhkəməsinə ərizə verir. Bu məhkəmə Tatyana Əhmədovanın iştirakı olmadan baş tutur, o, məhkəməyə qatılmır. Ancaq T.Əhmədova ərinə yazdığı məktubda ona etdiyi xəyanətlərə görə üzr istəyib bağışlanmasını xahiş etmişdi. Məktubunda yazmışdı ki, dəfələrlə müxtəlif kişilərlə ona xəyanət edib, bunların arasında Əhmədovların oğullarından birinin sinif yoldaşının böyük qardaşı da olub.

İlk dəfə 2003-cü ildə Tatyana Əhmədova ingilis ailə hüququndan yararlanmaq istəyib və Moskvada nigahın pozulmasına dair qərarı şübhəyə almağa çalışıb. Lakin bu iddia təmin olunmayıb. Çünki iddianın verilməsi üçün müddətdən gecikmə olmuşdu. Həmin vaxtlar biznesmen bir çox varlı keçmiş ərlərdən fərqli olaraq Tatyana Əhmədovanın Londondakı dəbdəbəli yaşayışını maliyyələşdirirdi. Onların iki övladı Londonda təhsil alıb böyüdü.

Qadın isə keçmiş ərinin hesabına nağılvari həyat sürüdü, ən qlamur kurortlarda dincəlirdi. O cümlədən Mistikdə David Bouinin malikanəsini 500 min funta kirayə götürüb özünün gənc sevgililəri ilə keçmiş ərinin pulları hesabına əylənirdi. Habelə qadın müntəzəm olaraq Fərhad Əhmədovun şəxsi təyyarəsindən də istifadə edib.

Nəhayət “Nortqaz”ın satışından pul F.Əhmədovun hesabına daxil olandan sonra cəmi üç gün ərzində qadın gizlicə London məhkəməsində təzminat iddiası qaldırıb. Eyni zamanda keçmiş ərini hədələyib ki, əgər onun tələblərini yerinə yetirməsə ingilis ailə hüququ əsasında yeni cəza tədbirləri görəcək. F.Əhmədov isə keçmiş arvadı ilə məsələni barışıq yolu ilə həll edə bilmək üçün ona səxavət nümayiş etdirib, lakin bu təkliflər qəbul edilməyib. Nəhayət o, keçmiş arvadı ilə əlaqəni kəsib.

Tatyana Əhmədovanın vəkili isə onu inandırıb ki, London məhkəməsində təzminat iddiası qaldırmaqla keçmiş ərinin sərvətinin yarısını ələ keçirə bilər. Vəkillər təbii ki, bu işdən sanballı qazanc götürüblər. Nəhayət biznesmenin keçmiş arvadının iddiası əsasənda 2013-cü il ərzində proses başlayıb və ötən ilin sonlarında proses həmin dramatik nəticə ilə yekunlaşıb. Əhmədov əvvəlcə məhkəmə ilə əməkdaşlıq edib, sonda başa düşüb ki, ədalətli nəticə gözləməyə dəyməz və məhkəmə ilə əməkdaşlığı kəsib.

Hakim Haddon-Keyvanın çıxardığı qərara əsasən F.Əhmədov keçmiş arvadına Britaniya məhkəmələrində indiyə qədər görünməmiş məbləğdə təzminat kəsib. Hansı ki, bu hakimaviasiya, yüklərin sığortası və kommersiya arbitrajı üzrə mübahisələrə baxmaq üzrə ixtisaslaşıb, boşanma iddialarına baxmayıb.

Məhkəmənin qərarını şərh edən Fərhad Əhmədov bildirib: “Bu, mənim keçmiş arvadım tərəfindən ingiltərə hüquq sistemindən hiddətləndirici sui-istifadədir. O, ingiltərə hüquq sistemindən istifadə edərək mənim pullarımı ələ keçirməyə çalışır. Əgər mənim Tatyanaya verdiyim səxavətli subsidiyaları hesaba almasaq biz artıq 16 ildir ki, onunla ayrı yaşayırıq. Onun çoxsaylı eşq məcaralarına baxmayaraq mən iki uşağımın anası kimi keçmiş arvadımın həmişə qayğısına qalmışam, onu kraliçalar kimi yaşatmışam”.

Biznesmen bildirir ki, bu, karikatur məhkəmə prosesidir və onun keçmiş arvadının qanuni hüquqlarının  təmin olunması ilə heç bir bağlılığı yoxdur. “Bu, mənim keçmiş arvadımın və onun maraqlarını təmin edən vəkillərin hərisliyi və opportunizmi ilə bağlıdır. London Yüksək Məhkəməsi qərarı verərkən keçmiş arvadımın mənim biznesimə heç bir töhfəsi olmadığını, pulların onunla boşanandan sonra qazanıldığını, habelə Böyük Britaniyada yox, Rusiyada qazanıldığını nəzərə almayıb”-biznesmen bildirib.

 Fərhad Əhmədov bildirir ki, hakim bunun əvəzində onun keçmiş arvadının məkrli planını reallaşdırıb. Hansı ki, qadın 10 il boyu məkrlə gözləyib ki, nə zaman F.Əhmədovun qazandığı pullar onun hesabına oturacaq. Və bu pulların üzərinə öz pəncəsini qoymağı qərara alıb. Məhkəmə nəzərə almayıb ki, F.Əhmədov beş uşaq atasıdır, o cümlədən başqa nigahdan olan 3 uşağını böyüdür. Xeyriyyəçiliklə məşğuldur, Rusiyada və Azərbaycanda bir çox insanlar onun dəstəyinə ümidlidir.

“Mən ingilis hüquq sisteminə öz hörmətimi ifadə etməklə bərabər bəyan edirəm ki, məhkəmənin bu şübhəli, gecikmiş və qalmaqallı qərarı dünyada çoxlarını təəcübləndirəcək, onların ingilis hüquq sisteminə və ədalətinə inanımını sarsıdacaq”-biznesmen bəyan edir.

Bəyanatda deyilir ki, London məhkəməsinin qərarı həm də siyasi motivlidir, biznesmenin pullarının yarısını təzminat adı altında əslində Britaniya yuridiksiyası altında saxlamağa, nəticədə bu pulların Britaniya iqtisadiyyatına xidmət etməsinə hesablanıb.

Virtualaz.org

Xəbərlər