1980
Aktual 13 sentyabr — 16:53

“Keçi”nin motalından çoxlu bakteriya çıxdı, Agentlik istehsalı dayandırmağı tələb etdi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ölkənin tanınmış pendir istehsalçısı olan “Ketchi” əmtəə nişanı altında satılan “Qarabağ motal pendiri” və şor məhsullarında bakterioloji çirklənmə aşkarlayıb. Agentlikdən virtualaz.org-a verilən məlumata görə, çirklənmə faktı məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında yoxlanarkən ortaya çıxıb.

Agentlikdən bildirilir ki, “BMS Aqro” MMC-yə “Ketchi” əmtəə nişanı altında satılan “Qarabağ motal pendiri” və şor məhsulunun ticarət şəbəkələrindən yığışdırılması, istehsalının dayandırılması ilə bağlı xəbərdarlıq edilib.

Paytaxtın demək olar ki, bütün marketlərində satışı həyata keçirilən “Ketchi” məhsulları əhali tərəfindən geniş istifadə olunur. Sağlamlıq üçün təhlükəli bakteriyalar firmanın məhsullarına necə yol tapıb? Bunu araşdırma aparmaq üçün “BMS Aqro" MMC-nin təsisçisi Mülhazil Balakişiyevlə əlaqə saxladıq. Şirkət rəhbəri virtualaz.org-a ona məxsus fermadan nümunələr götürüldüyünü təsdiqləsə də, bakterial çirklənmənin  Agentliyin  əməkdaşları tərəfindən nümunələr götürülən zaman “sanitar normaların pozulması” səbəbindən yarana biləcəyi versiyasını irəli sürüb. Yəni onun cavabından belə çıxır ki, yeni fəaliyyətə başlayan Qida Təhlükəsizliyi Agentliyinin işçiləri özləri qida təhlükəsizliyi normalarını pozub?

Balakişiyev bu sualla bağlı deyib ki, nümunəni Agentliyin işçiləri yox, onun fermasının işçisi götürüb verib. 

“Bizim fermada bir həftə əvvəl Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarından ibarət 10 nəfərlik komissiyanın iştirakı ilə yoxlama aparılıb. Mən hesab edirəm ki, nümunə götürülən zaman sanitar-gigiyenik normalar pozulub və o səbəbdən məhsulda bakteriya aşkarlanıb. Nümunəni götürən bizim fermanın işçisi olub. Onun əlində əlcək olmayıb, nümunəni götürəzdən əvvəl əllərini yuyub-yumaması bəlli deyil. Ola bilər ki, nümunə götürülən qab natəmiz olsun”-Balakişiyev belə deyib.

Bundan əlavə, şirkət sahibi qeyd edib ki, ona laborotoriyanın nəticələri ilə bağlı rəsmi məlumat verilməyib və rəsmi şəkildə xəbərdarlıq olunmaylıb: “Mənə ancaq zəng ediblər, heç bir rəsmi məlumat və ya xəbərdarlıq edilməyib. Bu cür təqdim olunmada tələskənliyə yol verilib. Şirkətin məsul şəxsi mənəm və mənim də haqqım var. Mənə deyilməli idi və mən komissiya təşkil edərdim, lazım olsa, məhsulları yoxlamaq üçün beynəlxalq laborotoriyalara göndərərdim”.

M. Balakişiyev həmçninin bildirib ki, pendiri motalda məhz uzun müddət və təhlükəsiz qalması üçün tuturlar. Ən dözümlü bakteriyalar da  duzda 40-42 gün qalandan sonra məhv olur. Firmada istehsal olunan pendirlər isə 20 gün duzda saxlanır və yetişdikdən sonra motala yığıb 90 gün də orada saxlanır. Ona görə də, həmin məhsullarda mikrob olma ehtimalı yoxdur.  

“Ketchi” firması Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı kredit güzəştli kredit hesabına Ağcabədi rayonunun Ağabəyli kəndində 2014-cü ildə tikilib. Həmin vaxt ölkəyə Fransa və Hollandiyadan 1330 baş “Saanen” və “Alpin” cinsli südlük keçi gətirilib. Hazırda fermada heyvanların syı 10.000 başdır. Yerli iqlimə asanlıqla uyğunlaşan, diri çəkisi 50-55 kiloqram, südünün yağlılığı 4-4,5 faiz və südvermə dövrü 300-320 gün olan bu keçilərin hər birindən gündəlik 3-5 litr süd verir.

Bu həmin Balakişiyevdir ki, bir müddət əvvəl dələduzluqda ittiham edilmişdi və barəsində cinayət işi qaldırılmışdı. Belə ki, Bakı şəhər sakini 1965-ci il təvəllüdlü Nəsimi Dadaşov hüquq-mühafizə orqanlarına müraciət edərək, 2015-ci il tarixində Ağcabədi rayon sakini Mülhazil Balakişiyevin ondan 500 min ABŞ dolları aldığını bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Balakişiyev indi bu hadisə haqda danışmaq istəmir...

Gülnar Əliyeva

Virtualaz.org

Xəbərlər