1971
Aktual 15 avqust — 12:52

Bəlkə Qarabağın açarı KTMT-dədir?

Eynulla Fətullayev

Prezident İlham Əliyev Üçüncü respublikanın əsasını qoymuş Heydər Əliyevin missiyasını tarixi qələbə ilə başa vurdu. Aktauda Xəzəryanı ölkələrin prezidentlərinin görüşündə İ.Əliyev Xəzərin yeni hüquqi statusunu nizamlayan tarixi sənədin altına öz imzasını qoydu.

Məsələnin tarixçəsi

Təəsüf, amma SSRİ-nin dağılmasından sonra Xəzər dənizinin bölünməsi bütün beş sahilyanı ölkələrin münasibətlərində “Qordi düyünü”nə çevrilmişdi. Yeni meydana çıxan müstəqil dövlətlər Xəzər şelfinin zəngin və tükənməz sərvətlərini bölüşdürə bilmirdilər. Bu mübahisələrin lap əvvəlindən Heydər Əliyev Xəzərin orta xətt üzrə bölünməsində israrlı idi. Sonradan Azərbaycanın mövqeyini Qazaxıstan və Türkmənistan da dəstəklədi. Hərçənd, Azərbaycanın və Türkmənistanın maraqları zəngin karbohiderogen ehtiyatlarına malik “Kəpəz” yatağına (Aşqabadda türkmən xalqının liderinin şərəfinə “Sərdar” adlandırırlar) görə daim toqquşurdu. Paradoksdur, amma Xəzəri orta xətt üzrə böləndə belə “Kəpəz” Bakı və Aşqabadın dəniz sərhədində qalırdı.

Xəzərin coğrafi unikallığı - Dünya okeanı ilə birbaşa bağlantısı olmayan qitədaxili su hövzəsi olması - İrana və Yeltsin Rusiyasına imkan verirdi ki, dənizin beş bərabər hissəyə bölünməsində israr etsin. Üstəlik, Rusiya BMT-nin 1982-ci il dəniz hüququ Konvensiyası əsasında beynəlxalq hüququn norma və prinsiplərinin Xəzərə tətbiq edilməsindən qəti imtina edirdi. Dənizin statusu regiondankənar oyunçuların Xəzərə yolunu aça bilərdi və bu da ilk növbədə əsas regional oyunçuların - Rusiya və İranın maraqlarına təhlükə yaradardı. Ona görə də, bu iki dövlət Xəzərdə sahili olmayan ölkələrin gəmilərinin dəniz akvatoriyasında üzməsini qadağan edən Sovet-İran müqavilələri ilə nizamlanan hüquqi rejimin saxlanılmasında israr edirdi.

Uzunmüddətli danışıqlardan və Azərbaycanla Qazaxıstanın nümayiş etdirdiyi sərt mövqedən sonra 2003-cü ildə Rusiya, Qazaxıstan və Azərbaycan hər halda razılaşdılar, ayırıcı xəttin koordinatlarını müəyyən etdilər. Bu ölkələr dənizin onlara aid hissəsinin dibini də böldülər, ayırıcı xəttin arxasınca öz suveren hüquqlarını təsbit etdilər və milli sektorlarda bir-birlərinin neft-qaz hasilatı hüquqlarını tanıdılar.

 

Putinlə Əliyevin konsepsiyası qalib gəldi

Lakin regionda dirçələn Putin Rusiyası sayəsində baş verən geosiyasi dəyişikliklər və başqa regional təhlükəsizlik sisteminin formalaşması Xəzəryanı ölkələr arasında keyfiyyətcə yeni hərbi-siyasi və iqtisadi münasibətlərin meydana çıxmasını şərtləndirdi. Regionda yeni proseslərə Rusiya və Azərbaycan prezidentləri arasında qarşılıqlı etimada söykənən şəxsi dostluq münasibətləri formatı yeni impuls verdi.

Vladimir Putin və İlham Əliyev tərəfindən işlənib hazırlanmış, dörd ölkənin güclü geoiqtisadi imkanlarını açan Moskva-Bakı-Ankara və Moskva-Bakı-Tehran geosiyasi oxları (bu oxların formalaşması Ermənistanın maraqlarına böyük zərbə oldu, çünki İran-Ermənistan strateji dəmir yolu Azərbaycanla İranı birləşdirən yeni dəmiryol layihəsinə transformasiya edildi) qlobal nəqliyyat-kommunikasiya, logistika sistemlərinin, energetika dəhlizlərinin (Şimal-Cənub, Şərq-Qərb) açılmasını şərtləndirmiş oldu. Bunun sayəsində transqafqaz və transxəzər regionlarının aparıcı dövlətlərinin mövqeləri xeyli yaxınlaşdı. İlham Əliyevin unikal xarici siyasət strategiyası Azərbaycanın bütün Böyük Şərqdə geosiyasi və hərbi-siyasi əhəmiyyətini gücləndirdi.

Əliyev, Putin və Ruhani Xəzər dənizinin hüquqi statusuna dair güzəştli və konsensus həllə doğru addımbaaddım yaxınlaşırdılar. Dövlətlərin mövqelərinin yaxınlaşmasında İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ildə keçirilmiş tarixi Bakı sammitinin böyük rolu oldu. İlk dəfə məhz Bakı sammitində sahilyanı ölkələr Xəzərin suveren dövlətlərin milli-dövlət maraqlarından çıxış edərək birgə istifadəsinin əsasını qoydular. Məhz İ.Əliyevin təşəbbüsü ilə həmin sammitdə sahilyanı dövlətlərin suverenliyi altına düşən su məkanı da daxil olmaqla milli zonaların eninə (15 dəniz mili) dair razılıq əldə olundu. Tərəflər ilk razılaşmanı imzaladılar. Bu, Heydər Əliyevin “Xəzər konsepsiyasının” reallaşması istiqamətində ilk böyük addım idi. Bakı sammitindən sonrakı səkkizillik danışıqlar isə Aktauda Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması ilə yekunlaşdı.

Sənəd Azərbaycanın milli maraqları nəzərə alınmaqla qəbul edilib. Hərçənd, Xəzər qitədaxili su hövzəsi kimi tanınıb, ancaq bölgü orta xətt prinsipi əsasında aparılıb. Beləliklə, hər sahilyanı ölkə 15 dəniz mili enində sahilyanı zolağa malik olacaq, bu zolağın müəyyən edilməsi istinad xətt üzrə hesablanacaq. İstinad xəttinin müəyyən edilməsinin metodologiyası ayrıca razılaşma ilə müəyyən olunacaq. Hər ölkə ərazi sularına bitişik və 10 dəniz mili enində balıqçılıq zonası müəyyən etmək haqqına malikdir.

Rusiya və Azərbaycanın milli maraqları nöqteyi-nəzərindən daha bir mühüm qərar Xəzər dənizində regiondan kənar dövlətlərin hərbi qüvvələrinin iştirakının yolverilməzliyi barədədir.

 

MDB ilə ittifaq kursu

İ.Əliyevin Aktaudakı tarixi qələbəsindən dərhal sonra qərbyönümlü erməni ekspertlər həyacan təbili çaldılar, Rusiya və Azərbaycanın Qara dəniz-Xəzər regionunda mövqelərinin daha da gücləndiyi haqda danışdılar. İlham Əliyevin yaxın xarici siyasət doktrinasının nailiyyəti bütün regional layihələrdən kənarda qalmış Ermənistanın regiondakı vəziyyətini daha da qəlizləşdirdi. İ.Əliyevin yaxın xaricə dair xarici siyasət doktrinası həm ikitərəfli münasibətlər formatında, həm aparıcı siyasi təşkilatlar çərçivəsində münasibətlərin daha da möhkəmləndirilməsini, inkişafını nəzərdə tutur.

Əlbəttə, bu doktrinanın əsasını Rusiya ilə Azərbaycanın möhkəm hərbi-siyasi ittifaqı təşkil edir. Moskva Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir, bu Bakıya müasir silahlar satan Kremlin mövqeyində birmənalı ifadə olunur. Habelə Moskva regionda sabitləşdirici amil rolunda çıxış edir, hansı ki, İlham Əliyev MDB sammitindəki çıxışında bu haqda açıq demişdi.

Rus dilinə və böyük Rusiya mədəniyyətinə xüsusi münasibətdə ifadə olunmuş ictimai-mədəni həmahənglik, iki ölkənin humanitar və sosial dəyərlərin ümumiliyi hərbi-siyasi bağların inkişafı üçün möhkəm zəmin yaradır.

Bununla birlikdə, İlham Əliyevin timsalında Azərbaycan Qazaxıstan, Tacikistan və Belarusla unikal etimad və müttəfiqlik münasibətləri yaradıb və etibar, asan proqnozlaşdırılan nəticələr, öhdəliklərə sədaqət və ənənələrin davamlılığını nümayiş etdirirlər.

Bu müttəfiqlik münasibətləri sistemi Tacikistan prezidenti Emoməli Rəhmonun bu günlərdə Bakıya səfəri zamanı da özünü göstərdi. Prezidentlər uzun müddət göz-gözə müttəfiqlik münasibətlərini müzakirə etmişdilər. Bundan az öncə elə bu cür etimad dolu söhbətləri İ.Əliyev Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə etmişdi ki, onu hörmətlə bütün regionun ağsaqqalı adlandırır.

Azərbaycanın Aktaudakı tarixi qələbəsini şərh edərkən erməni ekspertləri, qüvvələrin keyfiyyətcə yeni nizamına və vəziyyətin inkişafının çətin proqnozlaşdırılan xarakter almasına diqqət çəkərək etiraf edirlər ki, xüsusilə də Yerevanın məsuliyyətsizcəsinə qərbləşməsi fonunda Ermənistan artıq Rusiyanın Qafqazda forpostu deyil. Bu cür gözlənilməz etiraflar fonunda Rusiyanın vətənpərvər qüvvələrinin Avrasiya hərəkatının lideri Aleksandr Dugin tərəfindən sərt şəkildə ifadə edilmiş “Azərbaycan Qafqazda Rusiyanın yeganə müttəfiqidir” sözləri xüsusilə effektli səslənir.

KTMT-də ittifaqı möhkəmləndirməyə dəyərmi?

Lakin Rusiyanın qarant kimi çıxış etdiyi mövcud regional təhlükəsizlik sistemində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı daha təsirli mexanizmdir. Diqqət yetirsək, hələ də təşəkkül tapmaqda olan Avrasiya İqtisadi Şurası və Gömrük İttifaqı kimi regional təşkilatlardan fərqli olaraq, “Daşkənd paktı” ilə regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə, dövlətlərin müstəqilliyinin, suverenliyinin və sabitliyinin kollektiv şəkildə müdafiəsinə köklənmiş KTMT ölkələrin müttəfiqlik bağlarını möhkənləndirmiş yeganə işlək və oturuşmuş təşkilatıdır.

Bu təşkilata Azərbaycanın Qarabağın dərhal işğaldan azad edilməsini tələb edən bütün əsas müttəfiqləri daxildir. KTMT-də Rusiya, Belarus, Qazaxıstan, Tacikistan, Qırğızıstan təmsil olunurlar. Ermənistan hələ də təşkilatda formal olaraq təmsil olunur, lakin rəngli inqilabdan sonra onun yeni qərbpərəst rəhbərliyi açıq-aşkar avrointeqrasiya yolunu tutub və göründüyü kimi, Paşinyanın “Sorosyönümlü” Nazirlər Kabinetinin MDB kimi bu hərbi-siyasi ittifaqı tərk edəcəyi gün uzaqda deyil.

Diqqət yetirin, KTMT-yə daxil olan bütün dövlətlər özünü təmin edən və suverendirlər, öz milli-dövlət maraqlarını və prioritetlərini müdafiə edirlər. Qazaxıstan isə hətta NATO-nun bütün qarşılıqlı hərbi-siyasi və sülhyaratma proqramlarında fəal təmsil olunur. Qırğızıstan MDB-də Qərb yönümlü liberalizmin elan edilməyən qalasıdır. Lukaşenkonun, hansı ki, onun üçün Belarusun müstəqilliyindən böyük dəyər yoxdur, prinsipiallığı və nəzarət altına düşmək istəməməsi, hətta bəzən vahid İttifaq dövlətində təmsil olunduğu Rusiya ilə sərt müzakirələri özünə rəva görməsi, səmimi rəğbət doğurur.

KTMT kimin suveren hüquqlarını pozur? Əgər İran kimi bütöv dövlət hələ 2009-cu ildən KTMT-nın müşahidəçi üzv statusuna iddia edirsə, onda hansı suveren hüquqların məhdudlaşdırılmasından söhbət gedə bilər?! Maraqlıdır ki, KTMT - MDB kimi siyasi təşkilatdır, məhz 2009-cu ildən çevik hərəkət edə biləcək Kollektiv güc strukturunun yaradılması haqda qərar qəbul etdi. Müttəfiq ölkələrin birgə silahlı qüvvələri ittifaqa daxil olan dövlətlərə qarşı hərbi təcavüzü dəf və onların ərazi bütövlüyünü bərpa etmək üçün yaradılıb.

Nəzərə alın,  hərbi təcavüzlə rastlaşan və zəbt nəticəsində ərazisinin bir hissəsini itirən tək ölkə Azərbaycandır. Və KTMT-yə daxil olan bütün ölkələr Azərbaycan torpaqlarının işğaldan azad olunmasında təkid edirlər.

Bəlkə KTMT Qarabağ münaqişəsinin nizama salınması üçün son meydança olacaq? Ermənistanın Avrasiya İttifaqına girişinə Nazarbayevin qoyduğu vetonu xatırlayırsınız? Azərbaycanın böyük dostu Ermənistandan nə tələb edirdi? Qarabağ torpaqlarının işğaldan azad olunmasını!

Bəs Vladimir Putinin Bakıda Aleksandr Dugin tərəfindən, aran Qarabağın və beş rayonun ilkin şərt qoyulmadan Azərbaycana qaytarılması zəruriliyi haqda səsləndirilən konsepsiyası?!

Postsovet məkanındakı bütün regional institutlar və təşkilatlar hələ ki formalaşma yolundadırlar. Qarabağ münaqişəsinin ədalətli nizama salınması üçün yeganə təsirli mexanizm KTMT ola bilər. Bəlkə, ictimai müzakirələr açaq? Siz necə fikirləşirsiniz, Azərbaycanın bütün səmimi müttəfiqlərinin və tərəfdaşlarının birləşdiyi bu təşkilat ölkənin bütövlüyünün bərpası üçün platforma ola bilərmi? Deyəcəksiniz ki, utopiyadır! Bəs bugünkü reallıq - bütün Xəzəryanı ölkələrin Xəzəri ədalətlə bölüb ümumi razılığa gəlmələri hələ iyirmi il əvvəl utopiya deyildimi?!

Xəbərlər