812
Aktual 16 may — 17:44

Səməd Seyidov AŞ PA-nın sanksiyasından danışdı

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) komitəsi tərəfindən qəbul edilən qərar Azərbaycana qarşı növbəti ikili standartlarla dolu yanaşma kimi qiymətləndirilməlidir.

Virtualaz.org-un məlumatına görə, bunu Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ona qarşı qurum tərəfindən tətbiq olunan sanksiya ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

S.Seyidov qeyd edib ki, Azərbaycan Avropa Şurasının müxtəlif strukturları ilə konstruktiv əməkdaşlıq edir: "Ancaq bu o demək deyil ki, Avropa Şurası daxilində Azərbaycana qarşı ikili standarlar mövcud deyil. Biz bunun dəfələrlə şahidi olmuşuq. Dünən qəbul edilən qərar Azərbaycana qarşı növbəti ikili standartlarla dolu yanaşma kimi qiymətləndirilməlidir".

O bildirib ki, Avropa Şurasının rəhbərliyinə yazdığı məktubda Azərbaycana qarşı belə bir davranışın heç bir əsası olmadığını, Azərbaycana qarşı qeyri-obyektiv mövqe olduğunu və Azərbaycan əleyhinə olan qüvvələrin dəyirmanına su tökmək olduğunu qeyd edib.

S.Seyidovun sözlərinə görə, bu davranışın kökü ondan irəli gəlir ki, bir neçə müddət əvvəl AŞ PA-da xüsusi istintaq qrupu yaradılıb: “Biz bu istintaq qrupunun yaradılması ilə bağlı öz fikrimizi ortaya qoymuşduq ki, AŞ PA-nın ali prinsiplərindən biri qanunun aliliyidir, məhkəmə olmadan, hüquqi prosedur olmadan kimisə ittiham etmək qəti qadağandır. Məhz buna görə də bizə qarşı belə münasibət yarandı: “AŞPA-da bu gün tətbiq olunan sanksiyalarla bağlı yaradılan qrup 3 saat məni dindirib, onların suallarına cavab vermişəm. Bizə təsir edirdilər, deyirdilər ki, “sadəcə etiraf edin ki, burda başqa işlərlə məşğul olursunuz, o zaman sizə qarşı heç bir siyahı, sanksiya olmayacaq” və sair və ilaxır. Təbii ki, etiraf etmədik, çünki bunlar uydurma idi, etiraf etmək mümkün deyildi.

Bax, bunların məqsədi elə burdan da məlumdur. Qərəzli niyyətləri vardı, yerinə yetirdilər”.

Millət vəkili bildirib ki, AŞ PA-nın daxilində də qurumun fəaliyyətinin şəffaf olmadığı deyilir. Məsələn, Azərbaycanla bağlı qəbul olunmuş sənədlərin əksəriyyəti mənfi xarakterlidir, ancaq Ermənistanla bağlı sənədlər müsbətdir: “Ermənistanda keçmiş hakim rejimlə bağlı daim müsbət fikir ifadə edirdilər. Amma nə oldu? Ermənilər özləri həmin rejimi tarixin zibilliyinə atdı. Əlbəttə, AŞPA içində sağlam qüvvələr var, amma bəzi şəxslər qərəzli çıxış edirlər. Onlar Azərbaycanı AŞPA-dan uzaqlaşdırmaq istəyirlər. Bu sanksiya da buna xidmət edir”.

Qeyd edək ki, ötən gün AŞ PA-nın Prosedur qaydaları və institusional məsələlər komitəsi Assambleyanın bəzi üzvlərinə, o cümlədən S.Seyidova qarşı sanksiyalar tətbiq edib.

Müvafiq qərarda qeyd olunur ki, AŞ PA üzvləri üçün nəzərdə tutulmuş “Davranış Qaydaları” Məcəlləsinin 25-ci bəndinə əsasən, S.Seyidov fəaliyyətində AŞ PA-nın etik qaydalarını ciddi şəkildə pozub. Onlar müvəqqəti olaraq Assambleyanın mandatından məhrum edilib.

Xəbərlər