1302
Aktual 13 mart — 15:06

Rusiyaya bu gecə yarısınadək vaxt verildi

Moskvaya keçmiş rus kəşfiyyatçısı Sergey Skripal və onun qızı Yuliyanın Britaniyada zəhərlənməsi zamanı Rusiyada hazırlanmış sinir qazından niyə istifadə olunmasını izah etmək üçün bu gün gecə yarısınadək möhlət verilib. Britaniya baş naziri Tereza Mey deyib ki, ötən bazar günü Salisbury şəhərindəki hücuma görə "çox güman ki" Rusiya məsuliyyət daşıyır.

ABŞ Dövlət katibi Reks Tillerson isə baş verənləri "aydın şəkildə Rusiya tərəfindən gəlmiş... həqiqətən dəhşətli hadisə" adlandırıb və deyib ki, bunun "ciddi nəticələri" olmalıdır.

Moskva bu iddiaları "əsassız" adlandırıb.

Britaniyanın daxili işlər naziri Amber Radd bəyan edib ki, işi müzakirə etmək üçün hökumətin fövqəladə komitəsi COBRA ilə görüşəcək.

Keçmiş ikili casus 66 yaşlı Skripal və qızı Yulia Salisbury şəhər mərkəzindəki bir skamyada huşsuz vəziyyətdə tapılıblar. Skripal və qızının hazırda xəstəxanada kritik, lakin sabit vəziyyətdə olduqları bildirilir. Onların evinə baxış keçirən polis əməkdaşı Nik Bailey sonradan zəhərlənmiş halda hospitala yerləşdirilib. Onun vəziyyəti ciddi olaraq qalsa da, ailəsi ilə danışa bilir.

Baş nazir Tereza Mey bazar ertəsi parlamentdə çıxışı zamanı deyib ki, hücumda istifadə olunmuş zəhər Rusiya tərəfindən hazırlanan və hərbidə istifadə olunan “Noviçok “adlanan sinir qazıdır. Bu, hələ sovet dövründə işlənib hazırlanan zəhərdir, iki komponentdən ibarətdir. Komponentlər ayrı-ayrılıqda tamamilə zərərsizdir, lakin qarışdırıldıqda olduqca dəhşətli zəhərə çevrilir.

"Ya bu zəhərlənmə Rusiya hökuməti tərəfindən birbaşa bizim ölkəyə qarşı atılmış addımdır, ya da artıq Rusiya hökuməti bu zəhərli maddə üzərində nəzarəti itirib və onun başqa əllərə keçməsinə icazə verib",-baş nazir parlamentdə bildirib.

Xanım Mey deyib ki, Xarici İşlər Nazirliyinin Rusiya səfirini "bu iki ehtimaldan hansının doğru olduğunu izah etmək" üçün çağırdığını söyləyib. O xəbərdarlıq edib ki, çərşənbə axşamı sonuna qədər "etibarlı cavab" olmasa, Böyük Britaniya Moskva tərəfindən "gücdən qeyri-qanuni istifadə" cəhdinin edildiyi qənaətinə gələcək.

Tereza Mey parlamentdə onu da deyib ki, Böyük Britaniya Rusiyaya qarşı "daha geniş tədbirlər görməyə hazır olmalıdır".

Rusiya xarici işlər nazirliyinin mətbuat katibi Mariya Zaxarova Tereza Meyin bəyanatını "Britaniya parlamentində sirk şousu" adlandırıb. "Nəticə göz qabağındadır - bu təxribata əsaslanan daha bir informasiya və siyasi kampaniyadır," - deyə o bildirib.

Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədrinin birinci müavini Yevgeni Serebrennikov baş nazirin ittihamlarını "əsassız" adlandırıb. Bundan əvvəl Prezident Vladimir Putin BBC-nin Rusiyanın bu zəhərlənmə olayının arxasında olub-olmaması barədə sualına: "Hələ siz özünüz bunu ayrıd edin, sonra biz bunu müzakirə edərik" deyə cavab verib. (BBC)

Xəbərlər