2368
Aktual 6 dekabr — 22:02

“Bank of Baku”nun əsas səhmdarı olan “NAB Holding”in rəhbərinin aktivlərinə həbs qoyuldu

Türkiyədə İran əsilli azərbaycanlı qızıl taciri Rza Zərraba qarşı “casusluq” ittihamı ilə qaldırılmış cinayət işi çərçivəsində “NAB Holding”in icraçı direktoru Omid Orominin aktivlərinə həbs qoyulub. Virtualaz.org xəbər verir ki, bu barədə Türkiyənin “Sözçü” qəzeti yazır. "NAB Holding" Azərbaycanda "Bank of Baku"nun əsas səhmdarıdır.

Rza Zərrab ABŞ-da İrana qarşı maliyyə sanksiyalarını pozma, qeyri-leqal pul yuma əməliyyatları təşkil etmə ittihamları ilə mühakimə olunur. Lakin o, istintaqla anlaşaraq Türkiyənin dövlət bankı “Halkbank”ın idarə heyətinin sədr müavini, iş üzrə ABŞ-da həbs edilmiş Hakan Atillanın əleyhinə ifadə verməyə razılaşıb. Habelə İran pullarını yumaq üçün Türkiyə rəhbərliyi ilə rüşvət qarşılığında anlaşdığını bildirib.

Nəticədə Türkiyə hüquq-mühafizə orqanları Rza Zərrabın barəsində cinayət işi qaldıraraq onun aktivlərinə həbs qoyub, habelə 17 nəfəri həbs edib. Həmin cinayət işi çərçivəsində Rza Zərrabla bağlılığı olan cəmi 23 nəfərin aktivlərinə həbs qoyulduğu bildirilir. Onlardan biri də “NAB Holding”in kiçik səhmdarı, holdinqin icraçı direktoru Omid Oromidir. Həmin holdinq Rza Zərrabın bacısının əri Bəhram Orominin ailə şirkətidir.

Qəzet yazır ki, ötən həftə sonu polisə Oromi ailəsinə məxsus “NAB Holding”in İstanbul Sarıyer Kireçburnudakı mərkəzi ofisində sənədlərin yandırıldığı haqda məlumat daxil olub. Bu məlumatla bağlı ofisdə axtarış aparılıb və şirkətin mühasibi tutulub.

Aktivləri dondurulan Omid Oromi isə baş verənlərdən narahatlıq ifadə edir: “Mənim və şirkətimizin Rza Zərrabla heç bir əlaqəsi, münasibəti yoxdur. Onunla ötən on ildə cəmi bir-iki dəfə görüşmüşəm. Bu görüşlər hansısa ziyafətlərdə təsadüfi qarşılaşmalar şəklində olub. Onunla nə münasibətimiz, nə səmimiyyətimiz yoxdur”.

“NAB Holding”in idarə heyətinin rəhbəri Omid Orominin əmisi Bəhram Oromidir. Bəhram Oromi isə Rza Zərrabın bacısı Şeyda ilə evlidir. Omid Oromi holdingin qurucusu və idarə heyətinin üzvü Nadir Orominin oğludur. Habelə holdinqin kiçik səhmdarıdır, idarə heyətinin üzvüdür. Şirkətin əsas səhmdarı Bəhram Oromidir. Oromi ailəsinə məxsus olan “NAB Holding” Azərbaycanın ən iri banklarından olan “Bank of Baku”nun əsas səhmdarıdır, bankın səhmlərinin 40 faizi bu holdinqə məxsusdur. Holdinqin saytında maliyyə sahəsində fəaliyyət olaraq “Bank of Baku” barədə məlumata yer verilib.

Omid Orominin digər əmiri Şəhram Oromi Rza Zərrabla əlaqələri olduğu haqda məlumatlardan sonra holdinqin idarə heyətini tərk etmişdi.

Rza Zərrabın bacısı Şeyda Oromi qardaşı ilə birlikdə bir neçə il əvvəl Türkiyədə turizm və otel biznesinə başlayıb, “Arkla Otelçilik və Turizm AŞ” şirkətini qurub. Zərrabın yatırımları ilə kapitalı 135 milyon dollara çatan şirkət daha sonra Şeydanın idarəçiliyinə keçib. Rza Zərrab Amerikaya getməzdən əvvəl şirkəti qardaşı Can Zarraba təhvil verib.

Xatırladaq ki, İran əsilli azərbaycanlılar olan Oromi qardaşlarının Azərbaycandakı biznesinə dair vaxtilə “Wikileaks” saytında yayılan Amerika məxfi diplomatik teleqramlarında bəhs edilmişdi.

Virtualaz.org

Xəbərlər