224
Aktual 4 oktyabr — 10:42

“Azəriqaz” “mavi yanacağ”ın verilişində ciddi problemin olmadığını bildirdi

Bu gün Azərbaycan üzrə fərdi şəkildə olan şikayətlər istisna olmaqla, “mavi yanacağ”ın verilişində ciddi problem yoxdur. Bu barədə “Azəriqaz” İB-dən havanın soyuması ilə əlaqədar qaz təchizatındakı cari vəziyyətlə bağlı  bildirilib.

Birlikdən qeyd olunub ki, ötən ayın sonundan başlayaraq ölkə ərazisində havanın temperaturunun kəskin aşağı düşməsi “Azəriqaz”ın işinə də təsirsiz ötüşməyib: “Belə ki, havanın soyması ilə əlaqədar təbii qaz sərfiyyatı artıb, nəticədə İstehsalat Birliyinin balansında olan kəmərlərdə qazın təzyiqi aşağı enib. Bu isə bəzi ərazilərə “mavi yanacağ”ın verilməsinə çətinliklər yaratdığından şəbəkəyə verilən qazın həcmi artırılıb. Şəbəkəyə verilən təbii qazın həcmi artırıldıqdan və qurumun əməkdaşları tərəfindən qazpaylayıcı şkaflarda, qaz tənzimləyicilərdə və siyirtmələrdə tənzimləmə işləri aparıldıqdan sonra ölkə üzrə fərdi şəkildə olan şikayətlər istisna olmaqla, bu gün “mavi yanacağ”ın verilişində ciddi problem yoxdur”.

Qeyd olunub ki, hazırda da tənzimləmə işləri davam etdirilir və hansı ərazidə təzyiqlə bağlı çatışmazlıq yaşanırsa, qaz təchizatının texnoloji rejimə uyğun təmini üçün işlər görülür: “Onu da qeyd edək ki, abonentlərin təbii qazla bağlı fərdi problemlərinin qeydiyyata alınması və yaranmış nasazlıqların aradan qaldırılmasına kömək məqsədi ilə 104 və 185 nömrəli Çağrı Mərkəzi günün 24 saatını əhatə etməklə fəaliyyət göstərir. Eyni zamanda abonentlər İstehsalat Birliyinin rəsmi internet səhifəsi olan www.azeriqaz104.az saytına daxil olaraq “Elektron müraciət” bölməsindən yazılı şəkildə müraciətlərini ünvanlaya bilərlər”.

Xəbərlər